190 manat 3 kateqoriyadan olan insanlara verilib.
Azadpress.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “REAL TV”yə açıqlamasında deyib:
“Bu 600 min insan ümumilikdə birdəfəlik müavinət üçün müraciət etmiş şəxslərdir. Bunu işsizliyin göstərici kimi təqdim etmək faktların təhrif edilməsidir. Çünki bu zaman müraciət edən şəxs işsiz statusu almaq üçün müxtəlif mərhələlərdən keçməlidir. O şəxsə münasib iş təklif edilir. Münasib işə 2 dəfə razılıq vermədiyi təqdirdə artıq onun işsiz statusu formalaşdırılır.
Digər tərəfdən, dövlət o vətəndaşa iş təklif edə bilmədikdə onun işsiz statusu formalaşdırılır”.
S.Babayev 190 manatlıq birdəfəlik ödəmənin 3 kateqoriya üzrə vətəndaşlara verildiyini söyləyib:
“190 manatlıq müavinətə müraciət edənlərin böyük əksəriyyəti işsizlərlə yanaşı, iqtisadi qeyri-fəal əhalidir və qeyri-formal şəxslərdir.
190 manatlıq birdəfəlik ödənişi 3 kateqoriyalı insanlar alıb.
Birinci kateqoriya iqtisadi qeyri-fəal insanlardır. Bunlar heç vaxt işləməyən və işləmək istəməyən – ailə üzvlərinə baxan, ev təsərrüfatına qulluq edən, aktiv əmək bazarına qoşulmayan insanlardır. Bunlar təqribən 23% kəsimi təşkil edir.
Digər kontingent xüsusi karantin rejimində öz qazancını itirən qeyri-formal işləyən şəxslər olub. Baxmayaraq ki, həmin şəxslər dövlətə hər hansı ödəniş (vergi, sosial sığorta haqqı) etməmişdi, sosial dövlət prinsipi üzrə onlar üçün də əlavə dəstək mexanizmi təklif edildi. Dövlətin müxtəlif dəstək mexanizmləri ilə artıq 2 milyon insana dəstək verilir.
Üçüncü qrup insanlar isə həqiqətən, işsiz kimi dövlət məşğulluq orqanlarında qeydiyyatda olan insanlar idi" Azadpress.az
Commentaires