top of page

Naxçıvanın blokadasına son qoyacaq layihə


Azərbaycanın təşəbbüsü ilə 21 noyabr 2007-ci ildə Gürcüstanın Marabda kəndində Azərbaycan, Türkiyə, Gürcüstan dövlət başçılarının birgə iştirakı ilə təməli qoyulan Bakı-Tbilisi-Qars(BTQ) dəmir yolunun təntənəli açılışı bu gün Bakıda olacaq. Azərbaycan,Türkiyə,Gürcüstan və Qazaxıstan ölkə başçıları Azərbaycan paytaxtından Qərbə və Şərqə vacib mesajlarını verəcəklər.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən sonra böyük əhəmiyyətə malik bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.

Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə ölkəmizin tranzitdən illik gəliri 50 milyon dollara qədər olacaq. Mütəxəssislərin hesablamalarına görə,BTQ dəmir yolu ilə ilk mərhələdə 1 milyon sərnişin, 6 milyon ton yük daşınması nəzərdə tutulur. Sonrakı illərdə sərnişinlərin sayı 5 milyona, yüklərin həcmi 17 milyon tona çatdırılacaq. Layihənin gerçəkləşməsinə dəstək olan Qazaxıstan və Çin atrıq bəyan ediblər ki, ölkələrə ildə 10 milyon ton yük daşınacaq.Dəmir yolunun keçdiyi ərazidə yerləşən ölkələr tranzit imkanlarını genişləndirəcək, vaxt itkisinə yol vermədən beynəlxalq səviyyədə yükdaşımalar sisteminə qoşulacaqlar. Çindən Avropaya istiqamətlənən BTQ əsas tranzit mərkəzinə çevrilməklə səmərəlilik baxımından böyük iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin reallaşması nəticəsində yüklər uzaq şərqdən başlayaraq Çindən orta Asiyaya, Azərbaycan, Gürcüstan üzərindən keçməklə Türkiyəyə və oradan Avropaya daşınacaq.

Bakı-Tbilisi-Qars sadəcə bir dəmiryolu deyil, tarixi ipək yolunun intibahı, iqtisadi və mədəni əlaqələr layihəsidir. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin daha da dərinləşdirilməsi, gücləndirilməsinə kömək olacaq. Yeni layihə üç ölkənin iqtisadiyyatının sahələrinə, daha sonra Avropa və Orta Asiya ölkələrinin iqtisadi əlaqələrinin inkişafına təsir edəcək. Bütövlükdə İpək yolu üzərindəki ölkələrin iqtisadi və mədəni əlaqələrini genişləndirəcək.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars layihəsinin ölkəmiz və dünya iqtisadiyyatı üçün əhəmiyyətini belə ifadə edib:“Biz Azərbaycana gələcəkdə bu regionda güclü mövqeyə malik olmağa imkan verəcək nəqliyyat infrastrukturu şəbəkəsi yaradırıq. Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində biz nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilirik.”

Azərbaycan daima həm geo-strateji mövqeyi, həm də Avropa və Asiya ölkələri ilə olan ortaq iqtisadi və mədəni əlaqələrindən çıxış edərək bölgə ölkələriylə əməkdaşlıq imkanlarını artırmaq üçün çalışır. Bu səbəbdən Azərbaycanın Türkiyəyə, Avropaya və digər bölgələrə dəmir yolu xətləri vasitəsilə bağlanması zəruridir. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən ən çox qazanc da Azərbaycanın payına düşəcək. BTQ, həm də ölkələr arasında sənayenin, kənd təsərrüfatının və turizmin inkişafı deməkdir. Qardaş Türkiyənin turizm imkanlarının perspektivini nəzərə alsaq, demək olar ki, bu sahə Azərbaycanda inkişaf edəcək və ölkəmizə turist axını artacaq.

Azərbaycanın siyasi iradəsi ilə qlobal enerji layihələrindən kənarda qalan Ermənistanın bu layihədən də kənar qalması onu mat vəziyyətinə salıb.Bu da öz növbəsində işğalçıya iqtisadi cəhətdən vurulan güclü zərbədir.Və bunun əksində, Azərbaycanın qonşu Gürcüstana 25 illiyinə 220 milyon dollar kredit ayırmaqla işlərin tamamlanmasını təmin etməsi bölgədə kimin etibarlı tərəfdaş və söz sahibi olmasını isbat etdi.Həm də Ermənistanın Naxçıvanı daimi blokadada saxlamaq arzularını puç etdi.Təbii ki, BTQ-dən sonra Bakıdan Naxçıvana dəmir yolu ilə getmək imkanları da gercəkləşməlidir. Azərbaycanın regiondakı nüfuzu və Azərbaycan-Türkiyə müttəfiqliyi sayəsində bu da mümkün olacaq.Türkiyədən Naxçıvana olan qısa məsafə bu planın reallaşmasına zəmin yaradır. Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi artıq Muxtar respublikanın blokadadan çıxması anlamına gəlir. Beləliklə, Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə əlaqəsi təmin olunacaq. Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı məhsullarının sutka yarıma paytaxt Bakıya daşınması mümkün olacaq. Və əks istiqamətdə Bakıdan Naxçıvana lazımi yüklər göndərilə biləcək. Təbii ki, bu da bizi bir millət,bir ölkə kimi daha güclü edəcək.

Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu ilə Naxçıvana getmək arzusu ilə…

Eldəniz Cəfərov

Bakı,30 oktyabr, 2017.

bottom of page