
Bəzi insanların qiyməti geyindiyi paltardan ucuz ola bilər, Amma elə insanlar var ki, onların varlığı milyardlarla pulla ölçüyə gəlməz...Əlimə qələm alıb SƏNİN yoxluğun haqqında rekviyem yazacağımı 10 ildən sonra təsəvvür edirdim. Nə qədər fikirləşsəm də, anam qədər doğma, böyüyüm qədər yaxın olan bir insan haqqında yazmağa indi söz tapa bilmirəm. Necə ki, ilk dəfə görüb tanıyanda, ona necə toxtaqlıq verəcəyimi günlərlə fikirləşdiyim kimi, indi də elə o cür çətinə düşmüşəm... İnsanlıq üçün nümunə olan bu böyük İNSAN, əməlləri ilə nurlu sifətinin vəhdət təşkil etdiyi təmiz qəlbli bir ŞAİRƏni çoxlarına yaxından tanıtmaq istəyirəm.
Dərd şairi, Məmməd Araz ocağının çırağını sönməyə qoymayan Rəhilə Elçinlə tale bizi 2003-cü ildə rastlaşdırdı. 2003-cü il dekabr 12-ni. Əbədiliklə möhürlənmiş doğmalığımızın rastlaşdığı ildən 14 il ötür. Həmin gün bütöv Azərbaycanı və o cümlədən dünyanı qara xəbər bürüdü. Türk dünyasının ulu öndəri, Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 80 yaşında vəfat etdi. Bu qara xəbər ölkədə sürətlə yayıldıqca, qədirbilən xalqımızın dəyərli nümayəndələrini çox sarsıtdı. O zaman mən, “Naxçıvanın Səsi Radiosu”nda aparıcı-muxbir kimi çalışırdım.