
“Mən bir azərbaycanlı olaraq, həm də bir Gürcüstan azərbaycanlısı olaraq fəxr edirəm ki, mənim soydaşlarım Gürcüstanın – öz vətənlərinin ən çətin günlərində gürcü qardaşlarının yanında olublar və onlarla birlikdə əllərinə silah alaraq Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşüblər”.
Azadpress.az GAXA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Suxumi Dövlət Universitetində gürcü dilində nəşr olunan “Vətən oğulları” adlı kitabın təqdimat mərasimi zamanı çıxışında bildirib. Onun sözlərinə görə, “azərbaycanlılar heç vaxt xəyanət etməyiblər. Kitabda qeyd olunan faktların hamısı xalqlarımız arasında qızıl hərflərlə yazılmış, qırılmaz və sarsılmaz dostluq tarixçəsinin kiçik bir hissəsidir. Mən qürur duyuram ki, mənim Gürcüstanda yaşayan soydaşlarımın təfəkkürünə xəyanət anlayışı tamamilə yaddır və qürur duyuram ki, mənim soydaşlarım vətəndaşı olduqları dövlətin tarixi boyunca üz-üzə qaldığı sınaqlardan həmişə alnı açıq, üzü ağ çıxıblar. Azərbaycanlılar Gürcüstanı həmişə seviblər, sevirlər və şübhəm yox ki, sevəcəklər”, səfir vurğulayıb.
Tədbirdə çıxış edən Suxumi Dövlət Universitetin rektoru Zurab Xonelidze, Abxaziya Muxtar Respublikasının Ali Şurasının sədri Elquca Qvazava, Abxaziya döyüşlərində həlak olan və ölümündən sonra Gürcüstanın Vaxtanq Qorqasali ali ordeninə layiq görülən Yanvar Oruc oğlu Hümbətovun həyat yoldaşı Fatma Hümbətova və Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Zurab Papaskiri kitabın məziyyətləri haqqında fikirlərini bildiriblər.
Tarixçi Zurab Papaskiri çıxışına Gürcüstan və Azərbaycan xalqlarının dostluğundan və birgə iqtisadi inkişaf istiqamətində beynəlxalq layihələr həyata keçirdiklərindən söhbət açıb. Z. Papaskiri gürcü dilində nəşr olunan və tarixə aid edilən kitab haqqında qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü uğurunda döyüşmüş azərbaycanlı vətəndaşlarımızın döyüş qəhrəmanlığı haqqında mövzu daha geniş şəkildə işlənilməlidir: “Onarın qəhrəmanlığına aid bütün epizodlar və əsas faktlar haqqında peşəkar tarixçilərə müraciət etmək lazımdır. Bu kitabda iki və üç azərbaycanlıların döyüşdə iştirakı haqqında yazılıb və doğrudan da onlar qəhrəmanlıq göstəriblər. Onlar şərəfli bir döyüşçü olublar və bu faktlara heç kim etiraz etmir. Bu qəhrəmanlar haqqında bir neçə səhifə yazılıb, lakin onların sayını artırmaq olardı”.
"Onlar separatizmə qarşı döyüşüblər. Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlıların 12 nəfəri Vaxtanq Qorqasali ordeninə layiq görülüb,” müəllif qeyd edib.O, həmçinin Abxaziya və Tsxinvali bölgələrində 600-dək azərbaycanlının döyüşdüyünü bildirib.Azadpress.az