Şəhərimizin adı xarici dillərdə "Baku" kimi tələffüz olunarkən yapon dilində eyni tələffüzü paylaşan maraqlı bir söz mövcuddur. Bu söz nəyi təcəssüm edir, hansı məna bildirir? Bu haqda sizinlə bugünkü yazımızda bölüşəcəyik.
Baku.
Kabusdan qorxaraq oyanan zaman nə etmək lazımdır? Yaponiyada uşaqlar belə həmin anda nə edəcəyini bilir. Onlar üzlərini yastığa sıxaraq, üç dəfə “Baku, gəl və kabusumu ye. Baku gəl və kabusumu ye” deyəcək. Xahiş qəbul olunduqda, Baku adlı məxluq onun otağına gələrək gördüyü bütün pis yuxularını sovuracaq. Amma bakunu çağırarkən ehtiyyatı əldən vermək olmaz. Çox ac bir baku yalnız bir pis yuxu ilə yetinməyib onunla birgə bütün ümid və məqsədləri də sovuraraq insanın daxili dünyasını tamamilə boş qoya bilər.
Baku nədir? Baku ayı bədənli, fil burunlu, pələng pəncəli, buğa quyruqlu, gərgədan gözlü mifik bir məxluqdur. Əfsanəyə görə, tanrılar heyvanları yaratmağı başa çatdırdıqdan sonra, yerdə qalan artıq bədən hissələrini bir yerə toplayıb birləşdirərək bakuya həyat bəxş etdilər. Yapon əfsanəsinə görə baku pis yuxular, kabuslarla qidalanan mifik obrazdır. Onlar qoruyucu məxluq olduğu üçün, insanlar gecələr bakunun gəlməsini və onların kabuslarının sovrulmasını diləyərlər. Kabuslar sovrulduqdan sonra, bir daha heç vaxt insanları narahat edə bilməyəcək. Göstərdiyi yardıma baxmayaraq bakunun qaranlıq tərəfi də var. Bəzilərinin dediyinə görə baku sadəcə pis yuxuları deyil, bütün yuxuları sovura bilər. Bunlara arzu, gələcək, ümidlərlə bağlı yuxular da aiddir.
Baku həqiqətdə mövcuddurmu?
Yazılı təsvirlərdə bakunun xarici görünüşü yırtıcı heyvanlarla eyniləşdirilir. Reallıqda isə o görünüşünə görə Asiya tapirinə (tapir - uzun xortumu olan otyeyən heyvan) oxşayır. Eyni zamanda onlar eyni heroqlifi ( və tələffüzü) paylaşır. Yəni, bir heroqlif həm baku, həm də tapir mənasındadır. Baku bu cür bənzərlikdə tək deyil, məsələn, "kirin" sözü Yaponiyada həm zürafə, həm də əfsanəvi məxluqun adıdır.
Onlardan hansı heroqlifin ilk mənası olub - əfsanə, yoxsa heyvan? Bu keçmişdə gizlənən bir tapmacadır və sualın cavabını dəqiqliklə işıqlandıra biləcək heç bir məlum mənbə yoxdur. Çoxları baku və tapirin bənzərliyini təsadüf sayır və tapirin mifik heyvanın şərəfinə adlandırılması fikrini qəbul etmir. İstənilən halda, bu əfsanə çox qədimdir. Kioto Universitenin professoru Hayaşi Minao “Çinin qədim tanrıları və qulyabaniləri” kitabında oxucuları qədim bürüncdən hazırlanan məmulatlar və digər əşyaların üzərində olan bakunun təsvirləri ilə tanış edir. O, Çində Asiya tapirinə bənzər heyvanın qədim zamanlarda nə vaxtsa mövcud olduğu, lakin müəyyən səbələrə görə nəslinin kəsildiyi fikirlərini irəli sürür.
Baku çox vaxt Çin mifologiyasının digər heyvanı "hakutaku" ( Çin dilində “bai ze” kimi tələffüz olunur) ilə qarışıq salınır. Məsələn, Tokiodakı Qobyakukan (Gobyakukan) məbədində “Baku şahı” adlı heykəl yerləşir, lakin həqiqətdə bu hakutukunun heykəlidir.
Baku ilə bağlı hekayə və əfsanələr.
Yaponiya folkloruna aid bir çox məxluqlar kimi baku da əsrlər boyu dəyişikliklərə məruz qalmışdır. Ən qədim Çin əfsanələrində bakular qiymətli dərilərinə görə ovlanırdı. Bakunun dərisindən hazırlanan talismanlar xəstəlik və pis ruhlara qarşı ən yaxşı qoruyucu sayılırdı. Bir qədər müddət sonra baku dərisi artıq nadir tapıntıya çevilmişdi. Bu səbəbə görə əvvəlcədən mövcud olmuş ənənə tamamilə dəyişdi və baku dərisindən hazırlanmış talismanlar çarpayının üzərinə asılmış baku rəsmləri ilə əvəz olunmağa başlandı. Tan sülaləsinin hökmranlığı zamanı (618 – 907), baku ilə bəzədilən əşyalar çox məşhur olduğu üçün onlara böyük tələbat var idi.
Çində Tan sülaləsinin hökmranlığı zamanı Torokuten (Tan sülaləsinin altı hekayəsi) kitabında kabusları yeyən və adı bakuki olan bir məxluq haqda yazılmışdı. Dəqiq müəyyən olunmayan tarixdə baku haqda əfsanə Yaponiyaya keçərək əhali arasında kabusları yeyən məxluq ilə bağlı əfsanə kimi tanınmağa başladı. Buradan məlum olur ki, müxtəlif mədəniyyətlərə aid olan iki məxluq birləşərək yeganə bir əfsanəni təcəssüm edir.
Yaponiyada kabusyeyən baku haqda əfsanə Çindən götürüldüyü müddətdən başlayaraq günümüzə qədər dəyişməz qalıb. Bakunu çağırmağın bir çox yolu var. Fukusimada kabusdan oyanan insan “Mən bu yuxumu bakuya bəxş edirəm” dedikdən sonra, həmin yuxu bir daha onu heç vaxt narahat etməyəcək. Digər prefekturalarda, insanlar “Baku, gəl və kabusumu ye” deyə dayanmadan üç dəfə təkrar edirlər.
Baku müasir Yaponiyada
Daha çox komiks rəssamlarının və alimlərin yaddaşında qalan digər mifik məxluqlardan fərqli olaraq, baku hələ də müasir Yaponiyanın məşhur obrazıdır. Baku animasiya və komiks kitablarının bir çoxunun qəhrəman kimi peyda olur. Lakin onların mifik məxluq üçün xarakterik olan xarici görünüşü get-gedə itir, əvəzində isə tapirə olan bənzərlik daha aydın görünməyə başlayır. Bunun səbəbi Yaponiyada indi daha çox daha mehriban və xoşagəlimli personajların obrazlarının sevilməsində ola bilər.
Lakin hər şey janrdan asılıdır. Digər janrlara nəzər saldıqda bakunun yazılı mənbələrdə təsvir olunan yırtıcı görünüşü ilə də rastlaşa bilərik. Bu da onu təsviretmə ənənəsinin hələ də qorunub saxlandığından xəbər verir.Azadpress.az
Mənbə:https://hyakumonogatari.com/2012/10/20/baku-the-dream-eater/
Turizm.az-a istinadən