"Həmin gün mən hamıya xudahafiz deyəcəm"-Çingiz Sadıxovla son müsahibə


Bugünlərdə yaşadığı Amerikanın San Joze şəhərində dünyasını dəyişən əfsanəvi maestro Çingiz Sadıxovun son müsahibəsini Musavat.com dərc edib. Azadpress.az həmin müsahibəni təqdim edir.

Musavat müxbiri Sevinc Telmanqızı 2017-ci ilin mart ayında onu Amerikada, San Jozedə ziyarət etmiş, müsahibə almışdır.

“Piano çala bilmədiyim gün... hamıya “xudahafiz” deyəcəm”

88 yaşlı maestro Çingiz Sadıxovun tarixə düşəcək söhbəti, xatirələri...

Əməkdaşımız San Jozedəki canlı əfsanə barədə yazır

Gözünüzü yumun və düşünün ki, 10 gündür Amerikadasız... Və birdən pianoda kimsə “Ala gözlüm” mahnısını ifa edir. Amma ifa nə ifa... Kövrək barmaqları pianonun dilləri üstündə rəsmən rəqs edir. Sizsə vətəndən uzaqda bu melodiyanı dinləyib, gözünüzdən axan biixtiyar yaşın əlində qalırsız...

O, mahnıları bir-biri ilə əvəz etdikcə, uşaq qüruru ilə dinləyicilərinin heyranlığını müşahidə etdikcə, cuşa gəldikcə... Bakıya ani olaraq qayıdırsız sanki. Azərbaycan musiqisinin canlı əfsanəsini San Fransiskoda görmək, onunla tanış olmaq, ifasını dinləmək doyumsuz zövq olur.

Maestro, fenomen musiqiçi Çingiz Sadıxovdan söhbət gedir. Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, köhnə konsert çəkilişlərinin hamısında baş roldakı möcüzəvi pianoçudu. Uzun illər öncə ölkəmizdən getmiş və Azərbaycan deyəndə gözləri dolan 88 yaşlı ağsaqqal musiqi adamı. Nə mutlu mənə ki, dostumuz Həmid bəy Azərinin vasitəsilə onun evinə qonaq olub, tanış olmaq fürsəti əldə edirəm. Şəhərin səs-küyündən uzaq, sakit bir evdə, onu dünyalar qədər sevən həyat yoldaşı Ceyran xanımla yaşayır. İlahi, mən sizə o cütlüyün sevgisini necə təsvir edim? Söhbət təkcə qocalıqda bir-birinə dəstək olmağa çalışan ər-arvaddan getmir ki. Onlar danışanda bir-birini yarım sözdən anlayırlar.

Ceyran xanım yoldaşının bütün fəaliyyətini əzbər bilir. Öydükcə öyür onu, tərifini göylərə qaldırır. Pianonun üzərindəki təşəkkürnamə və diplomları qocaman qürurla göstərir. Heç bir uğurunu yaddan çıxarmır, çıxara bilməz çünki...

Maestro hərdən xatirələrində tarix, ay, gün yanlışlığına yol verəndə mədəni şəkildə düzəliş verir, çox yorulanda “Çina, sənə qurban olum, özünü yorma” deyir. Bilmirəm, mən əzizlərdən uzağam deyə kövrəkliyin pik həddinə çatmışam, ya mənzərə olduqca sentimentaldır... Hər halda onları dinlədikcə üzümdəki xoş təbəssüm çəkilmir ki, çəkilmir...

Bilməyənlər üçün qısa arayış. Etiraf edim, müsahibəyə qədər mən də Çingiz Sadıxov barədə çox detallı bilgiyə sahib deyildim. Əfsanə musiqiçi 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə

Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində (X), 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb. 1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib.

Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət edib.

1994-cu ildən ABŞ-da San Joze şəhərində yaşayır. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub. Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərib. 1959-cu ildə Azərbaycanın “Əməkdar artisti”, 1987-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2009-cu ildə oktyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə

Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bəli, indi məqam onunla söhbətə gəlib çatır. Bu qədər doyumsuz musiqi parçalarından sonra təbii ki. Bu yerdə zarafata salır, Ceyran xanıma söz atır: “Bax, sizin bu Ceyran xalanız məni danışmağa qoymur. Deyir, Çina, son illər çox danışırsan. Mən də deyirəm ki, ay Ceyran, bütün ömrüm boyu pianonun arxasında oturmuşam, səsim də çıxmayıb. Barı indi imkan ver... (gülür)”

Yoldaşı da gülür, boynuna qucaqlayır... Və başlanır müsahibə...

- Çingiz bəy, nə zaman gəlmisiz Amerikaya?

- 1994-cü ildə. O vaxtdan burda yaşayıram.

- Mən bura niyə gəldiyinizin səbəbini soruşmaq istəyərdim...

- Bu barədə danışmayacam. Oldu, keçdi. Bir dövr idi, bəzi hadisələr baş verdi, mən də gəldim. Sonra da qayıtmadım...

- Amerikanların arasında yaşamaq necədir?

- Mənim xanımın ingilis dilinin linqvistikası üzrə elmlər namizədidir. İngilis dilini elə bilir ki, ingilislər heç elə bilmir. Bir gün söhbət edirdik. Dedim ki, Ceyran, neçə ildir birgə yaşayırıq. Amma sən heç mənə ingilis dilini öyrətməmisən. Üzümə baxdı və dedi ki, bəs sən mənə heç piano çalmağı öyrətmisənmi? (gülür) Ona görə də bizim evə ingilis dilində danışan qonaq gələndə mən aradan çıxıram. İndiyə qədər də ingilis dilini bilmirəm. Mənim tərcüməçim Ceyran xanımdır. Həmişə o, mənə kömək edir.

- 1994-cü ildən bəri Bakıya neçə dəfə gedib gəlmisiz?

- İlk dəfə 2002-ci ildə Bakıya getdim. 8 il keçəndən sonra. Ona da niyə getdim? Heydər Əliyev mənə və yoldaşım Ceyran xanıma şəxsən dəvətnamə göndərdi ki, Müslüm Maqomayevin yubileyində iştirak edək. Mən onunla çalışırdım. Biz gəldik Bakıya. Ondan sonra ya hər il, ya da il yarımdan bir Ceyranla bir yerdə Bakıya gedirdik. Bakıda konsert verirdim. 2009-cu ildə mənə Bakıda yubiley etdilər, mənim 80 illiyimi. Çox təntənəli. Amma ondan qabaq, Müslümün 65 illiyində iştirak etmişdim, 1 il sonra Müslüm rəhmətə getdi. Biz yenə də Ceyranla Bakıya onu son mənzilə yola salmağa getdik. Yubileydən sonra Amerikaya gəldik. Burda mənə əməliyyat etdilər. Dörd by pass qoydular mənə. Ondan sonra mən evdən çox çıxmıram. Bir az həyətə çıxıram, gəzirəm, qayıdıram. Amma çox gəzən kimi təngnəfəs oluram. Ona görə də 2010-cu ildən heç yerə gedə bilmirəm.

- Gün ərzində piano çalırsızmı?

- Əlbəttə. Nə vaxt o gün gələcək ki, mən piano çala bilməyəcəm. Həmin gün mən hamıya “xudahafiz” deyəcəm. Amma indiyənə qədər mən hələ də çalıram. Mən bu illər ərzində Amerikanın 32 şəhərində konsert vermişəm. Həm Azərbaycan, həm Amerika, həm Avropa musiqisindən...

Ceyran xanım usdufca çiynimə toxunur az keçmədən. Qulağıma pıçıldayır: “Bəlkə Çinanı çox yormayaq?” Mən o nəvazişin, qayğının dərəcəsinə heyran oluram. Az keçmədən özü xatirələrdən danışır. Cavanlığında maestronu necə qısqanmasından, konsertlərdə qızların ona necə pərəstiş etməsindən... Maestro isə zaman-zaman uğradığı haqsızlıqları, kulis arxası söz-söhbətləri nəql edir. Təbii ki, amerikanların sevdiyi “off record” sistemində. Necə deyərlər, müsahibə üçün yox.

Mənsə özümü şanslı sayıram. Ölkəmdən milyonlarla kilometr uzaqlıqda da olsa, bu nadir incəsənət adamını, canlı musiqi arxivini tanıdığım, onunla qısacıq da olsa söhbət etdiyim üçün. Amerika onun musiqiləri ilə bir anda doğmalaşır, əziz olur. Elə onun özü kimi...Azadpress.az

#ÇingizSadıxov #abş #amerika #pianoçu

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.