top of page

Ağıl ağıldan üstündür?


Əbəs yerə bu atalar sözünü xatırlamadım.Əvvəl yox,indi bu üç sözdən ibarət atalar sözü məni çox düşündürür axı necə ola bilər ki, ağıl ağıldan üstün gəlsin. Ulu tanrı insana ağılı verib ki, o ağılla özünü idarə etsin. Ağlı ilə ailəsinə, millətinə, xalqına və nahəyət bəşəriyyətə bəhrə versin. Əqli zəkanın kainata sığmayacaq qədər faydası var. Təsəvvür edin, bir dəfəyə yüzlərlə insanı göyün yeddi qatında dünyanın bir başından digər başına aparan tonlarla ağırlığı olan dəmir parçası sayılan təyyarə... Adi istilik enerjisini hərəkətə çevirən mühərriklər, vaxtı ilə dərmanı tapılmayan xəstəliklərə tapılan çarələr, atom elektrik stansiyası, su elektrik stansiyası, saymaqla bitəsi deyil. Bu sadalaya bildiklərim və sadalaya bilmədiklərim, məqaləni oxuyanda sizin düşündükləriniz və düşünmədikləriniz, ümumiyyətlə, hər şey. Məgər bunların hamısı insan təxəyyülünün bəşəriyyətə bəxş etdiyi təzahür deyilmi?

Ağıl haqqında cox atalar sözləri var. Məsələn, “Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi”, “Allah adamın ağlını alınca canını alsın”. Bir sözlə, bu siyahını daha da cox uzatmaq olar amma cox vaxt almaq istəmirəm. Bəlkə də bəziləriniz mıs-mıs deyincə, Mustafanı de görək, nə deyəcəksən kimi düşündünüz. Əslində, deyəcəyim elə insan ağlının öz ağlını əlindən alması ilə bağlıdır, yəni insan beyninin düşünərək dünyaya hədiyyə etdiyi AĞILLI TELEFONLARDI.

Görün bu telefonlar nə qədər ağıllıdır ki, nəinki adamın ağlını əlindən alır, hətta atanı anadan, ananı baladan, bacını qardaşdan, qardaşı sirdaşdan, dostu dostdan,ailəni ailədən, ağlı başdan alır, bu agıllı telefonlar. Aylarla görmədiyin bir dostunu görürsən istəyirsən ki, oturub hansısa bir çayxanada çay içəsən.Çayı sifariş etmədən,dostunla hal-kef eləməmişdən əvvəl Wi-Fi nin şifrəsini istəyirik.Yəni, bu əl içi boyda olan cihaz dostdan, qardaşdan, sənə önəm verən insanlardan bu qədərmi dəyərlidir?Axı özümüz özümüzə heç sual vermişik ki, bizim axtardığımız nədir, nəyi itirib tapa bilmirik? Niyə özümüzə dəyər vermirik? Niyə bu qədər asılıyıq? Niyə bu qədər məraqlıyıq? Nə qədər niyələr var, bir neçəsini də özünüz verin ozünüzə ki, NİYƏ mən bunu belə edirəm?

Adını tam xatırlamadığım bir dahi belə bir fikir deyib: “Vaxt gələcək. insanlar insanlarla yox, texnikalarla ünsiyyət quracaq. Bax onda bəşəriyyət məhvə doğru gedəcək”.Yəqin ki, həmin dahi elə bu mobil telefonları deyirmiş. Həəə, indi qayıdıram başlığa.Başlıqdakı sualı verirəm siz dəyərli oxuculara,SMART AĞLI , İNSAN AĞLINI ƏLİNDƏN ALACAQ QƏDƏR ÜSTUNDÜR?Azadpress.az

#elmantelmanoğlu #yazarlar

bottom of page