Yanvarın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.
Azadpress.az xəbər verir ki,Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.
Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə elmləri doktoru Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.
Tədbiri açan Kamal Abdulla deyib ki, Azərbaycan multikulturalizminin siyasi banisi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də multikulturalizmin ölkəmizdə inkişaf etdirilməsidir. Bu siyasəti bu gün Prezident İlham Əliyev əzmlə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Bir sıra Avropa ölkələrində multikulturalizmin iflas etməsi ilə bağlı fikirlərin formalaşması fonunda Azərbaycanda multikultural hərəkatın təntənəsi ilə dövlətimizin başçısı Azərbaycanın timsalında multikulturalizmin inkişafının nikbin qütbünü formalaşdırdı.
Azərbaycan Pespublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov deyib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışıb. O deyib ki, Azərbaycanın özünəməxsus dəyərləri var və bu dəyərlərin içərisində multikulturalizmi xüsusi qeyd etmək olar. Təsadüfi deyil ki, bu gün multikulturalizm Azərbaycanda həyat tərzidir. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda multikulturalizmin çox ciddi tarixi, coğrafi, ideoloji, siyasi əsasları var. Buna görə də Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə çatdırıb. Dövlətimizin başçısının kitabda yer almış bu fikirlərinin məcmusu bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsəvvür formalaşdırır. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, BBMM-in Himayəçilik Şurasının üzvü Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ölkəmizdə multikultural mühitin qorunmasının daim diqqət mərkəzində olduğunu söyləyiblər. Bildirilib ki, bu gün beynəlxalq aləmdə müharibələrin, münaqişələrin, qanlı toqquşmaların və digər problemlərin yaşandığı bir zamanda Azərbaycan sanki dünyada bir oazisdir.
Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete, Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski və digərləri ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən bəhs ediblər. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini söyləyiblər.
Sonda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə məlumat verib. O, təqdimatı keçirilən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının həm ölkə daxilində, həm də xaricdə elmi müzakirələrinin təşkil ediləcəyini söyləyib. Kitab siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.Azadpress.az