top of page

Azərbaycan prezidenti Gürcüstan azərbaycanlılarına 4 traktor hədiyyə edib


Marneulinin azərbaycanlıların kompakt yaşadığı Hallavar kəndində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə Marneuli rayon rəhbərliyinə hədiyyə edilən 4 ədəd traktorun kənd təsərrüfatının inkişafına dəstək məqsədilə müvafiq mövsümdə istifadəyə verilməsi tədbiri baş tutub.

Azadpress.az GAXA-ya istinadən xəbər verir ki, tədbirdə Marneuli meri Temur Abazov, Kvemo Kartli qubernatorunun birinci müavini Aleksandr Metreveli, rayon bələdiyyəsinin sədri Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, merin müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze, “Təmiz Marneuli” şirkətinin rəhbəri Leri Mumladze və digər rəhbər şəxslər iştirak edib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan prezidenti tərəfindən hədiyyə olunan traktorlar pulsuz olaraq istifadə olunacaq və lazım olan əlavə xərclər meriya tərəfindən ödəniləcək.

Marneuli meri Temur Abazov jurnalistlərə açıqlamasında hədiyyə üçün prezident İlham Əliyevə təşəkkürünü bildirib: “İndiyədək bizə hədiyyə olunan bu traktorlardan əkin-səpin üçün istifadə edilməyib. İndi biz qərara aldıq ki, həmin traktorları əhalinin ixtiyarına verək. Bu, Marneulidə həyata keçirmək istədiyimiz kənd təsərrüfatının inkişafına dəstək proqramına lazımi kömək edəcək. Məqsədimiz imkansız və yoxsul ailələrə mövsüm ərzində yardım etməkdir. Marneulidə yaşayan əhali əsasən, torpağa bağlıdır. Biz, məhz bu məqsədlə traktorları onların ixtiyarına verdik. Traktorların yanacağını və traktorçunun əmək haqqını biz verəcəyik. Mən Azərbaycan prezidenti İlham Əliyevə bu qayğı və diqqət üçün xüsusi təşəkkürümü bildirirəm. Mən həmçinin, SOCAR-ın rəhbəri Rövnəq Abdullayevə və Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini Azərbaycan dövlətinə çatdırdığı üçün SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədova minnətdarlığımı bildirirəm. Biz söz veririk ki, iki il işlədilməyən traktorlarla əhaliyə yardım edəcək və bölgəmizdə kənd təsərrüfatının inkişafına nail olacağıq”,- mer vurğulayıb.Azadpress.az


bottom of page