
Son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ məsələsinin həlli yollarında müəyyən işartılar görünür.
Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi, Qərb dövlətlərinn TANAP layihəsinə dəstəyi,Türkiyə-Rusiya siyasi məsləhətləşmələri, İran-Azərbaycan-Rusiya ortaq iqtisadi layihələri,ATƏT-in Minsk qrupu həmsədrlərinin yeni səfərləri və görüşləri, İsrail-Azərbaycan,Rusiya-Azərbaycan,Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını münaqişənin həllini tezləşdirə biləcək hadisələr kimi qiymətləndirmək olar.

Prezident İlham Əliyevin YAP-ın qurultayında işğal olunmuş ərazilərlə bağlı əminliklə söylədiyi fikirlər də Azərbaycanın bu məsələdə mövqeyinin möhkəmləndiyini deməyə əsas verir:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək"
Ölkənin ictimai-siyasi həyatında fəal olan millət vəkilləri münaqişənin həlli yolları ilə bağlı ötən il ərzində mətbuatda müxtəlif fikirlər söyləyiblər.Uzun illərdir həll olunmayan məsələnin nə zaman,hansı formatda həll edilməsinə münasibət bildirən Millət vəkili Rasim Musabəyov Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun müsbət nəticəyə nail olacağına nikbin baxmır.R.Musabəyov deyib ki, indiyədək ATƏT-in Minsk qrupun həmsədrlərlərin dəyişməsi belə nəticəsiz olub.Bu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər hansı ciddi dəyişikliyə gətirib çıxartmayıb.Həmsədrlər sadəcə olaraq orta səviyyəli diplomatlardır:"Baxmayaraq ki, Minsk qrupu həmsədrləri hər dəfə dəyişəndə, yenisi gəlib-gedir, müəyyən sənədlər, təkliflər hazırlayır. Ancaq bunun da heç bir nəticəsi olmur”.R.Musabəyov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi artıq Minsk qrupu həmsədrlərinin səlahiyyətlərindən çıxıb:
"Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri yalnız öz dövlətlərinin mövqeyini səsləndirir”.

Millət vəkili,Demokratik İslahatlar partiyasının sədri Asim Mollazadə düşünür ki,Bakı Moskva və Tehranla əlaqələrini gücləndirməklə Qarabağ problemini həll edə bilər.Onun sözlərinə görə,Rusiya və İran Ermənistanla müttəfiq və tərəfdaş olmaqla yanaşı, İrəvan üzərində ciddi söz sahibi ölkələrdir.Azərbaycan bu iki ölkə ilə münasibətlərini gücləndirməklə Qarabağ münaqişəsinin həllinə yardımçı olacaq.Azərbaycan-Rusiya-İran dövlət başçılarının Bakı sammitini şərh edən millət vəkili deyib ki,Bakıda keçirilən Rusiya-İran-Azərbaycan bu zirvə toplantısı Cənubi Qafqazda sülhün bərqərar olmasına öz töhfəsini verə bilər.A. Mollazadəyə görə, Rusiya hökuməti və prezident Vladimir Putin Dağlıq Qarabağ məsələsinin tezliklə həll olmasına çalışır:
“Rusiya prezidenti Putin zirvədəki çıxışı zamanı bir daha qeyd etdi ki, o bu problemin uzanmasını təhlükəli hesab edir. Ona görə də, çalışır ki, bu problem sülh yolu ilə həll edilsin. Ermənistan rəhbərliyi Rusiya prezidentinin bu bəyanatını ciddiyə almalı və problemin həllində maraqlı olmalıdır. Əks təqdirdə İrəvan rəhbərliyi xoşagəlməz nəticələrlə üzləşə bilər”.
Millət vəkili əlavə edib ki, Azərbaycan öz qonşuları ilə uzun vədəli iqtisadi, nəqliyyat və mədəni sahələri əhatə edən iri layihələr həyata keçirəcək. “Bu, Azərbaycana imkan verəcək ki, öz enerji məhsullarını dünya bazarlarına çoxşaxəli formada çıxara bilsin”

Milli Məclisə seçkilərdə deputatlığa namizəd,iqtisadçı Mürsəl Eldaroğlu Dağlıq Qarabaq münaqişəsinin haqq ədalət prinsipinə əsaslanaraq həll olunması Azərbaycanın ən böyük uğuru olacağını deyib.
"Dağlıq Qarabaq münaqişəsinin həll olunması iki yolla mümkündür: hərbi yol ilə və yaxud siyasi danışıqlar yolu ilə. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi sahədə aparılan islahatlar nəticəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilmişdir. Azərbaycan ordusu Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün işğalçı Ermənistan ordusunu məğlub etmək iqtidarındadır. Siyasi danışıqlar yolu ilə Dağlıq Qarabaq münaqişəsinin həll prosesi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilməkdədir. Lakin, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə haqq ədalət prinsipinə əsaslanaraq həll olunması iki amilə görə sual altındadır.Birincisi,Cənubi Qafqaz dünyanın siyasi-hərbi güc mərkəzlərinin istər iqtisadi, istərsə də geo-siyasi baxımdan maraqlarının toqquşduğu məkan olduğundan dünyanın siyasi-hərbi güc mərkəzlərindən hər hansı birinin digərinə görə öz marağını güzəştə gedəcəyi müzakirə predmetidir. İkincisi, erməni lobbisinin dünyanın siyasi-hərbi güc mərkəzləri olan dövlətlərdə müəyyən təsir etmə imkanına malik olmasıdır. Məhz ona görə də Dağlıq Qarabaq münaqişəsinin haqq ədalət prinsipinə əsaslanaraq həll olunması məqsədilə İsrail dövlətinin vasitəçiliyi və dünyanın siyasi, hərbi güc mərkəzlərinin iştirakı ilə Ermənistanla danışıqların aparılmasına başlanılmasını təklif edirəm.Hər hansı bir münaqişənin həlli prosesində vasitəçilik etmək iqtidarında olan dünyanın güclü dövlətləri arasında İsrail dövləti Azərbaycan dövlətinə qarşı ən çox həqiqi və səmimi dost münasibəti bəsləyən ölkədir. Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə haqq ədalət prinsipinə əsaslanaraq həll olunması üçün ilk növbədə dünyada mövcud olan erməni lobbisinin münaqişənin haqq ədalət prinsipinə əsaslanan həlli prosesinə mənfi təsirinin qarşısını almaq lazımdır. İsrail dövlətinin vasitəçi olacağı danışıqlarda erməni lobbisinin münaqişənin haqq ədalət prinsipinə əsaslanan həlli prosesinə mənfi təsir göstərmə imkanı ola bilməz"

Millət vəkili Zahid Oruc Dağlıq Qarabağ məsələsinin iqtisadi yolla həllinin mümkünlüyünü deyib:
"Hesab edirəm ki, artıq Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi, hətta paralel olaraq TANAP və TAP layihələri fonunda Dağlıq Qarabağ məsələsinin iqtisadi yolla həlli var və bu, mümkündür. Çünki bütün hallarda müharibələr iqtisadiyyatlar üzərinə gedir, yaxud onun naminə aparılır. Hətta qlobal savaşlarda da əsas hədəf resurslar, ölkələrin malik olduqları sərvətlərdir. Azərbaycan Qarabağı azad etmək naminə ermənilərə neft təklif etmir. Məsələni o dərəcədə bəsit qoymaq düzgün olmazdı. Hər kəsə bəllidir ki, bu regionun siyasətini əsas düzənləyən Azərbaycandır və bu proses genişlənməkdədir. Şimal-Cənub layihəsi də sübut etdi ki, Ermənistanın göz dikdiyi müttəfiqlərin mənafeləri tələb etdikdə onlar çox asanlıqla Bakını bütün siyasətlərin mərkəzinə çevirirlər. Ermənistan hər hansı bir formada BTQ-yə qoşulmaq istəyirsə, çox mümkündür ki, Azərbaycan tərəfi ilə konkret olaraq məsələnin ilkin dövrü üçün ən azı müəyyən işğal olunmuş ərazilərin geri qaytarılması fonunda proses bir nöqtədən tərpənsin. İstər Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, istərsə də Cənubi Qaz Dəhlizi ilə düzənlənən siyasət özü Qarabağ prosesində bir tənzimləmə amili kimi iştirak edə bilər. O üzdən bu məsələlər erməniləri ciddi şəkildə düşündürməlidir. Yəni məncə, Qarabağ məsələsinin iqtisadi yollarla həlli mümkündür və bundan ötrü bölgəyə həm də tam vahid yanaşmaq lazımdır. Bu layihələr Ermənistandan keçə bilərdi və bundan sonrakı dövrlərdə də onları hər hansı şərtlərlə bu layihələrə qoşmaq mümkündür. Bundan ötrü iradə göstərmək lazımdır. Bir sözlə, ermənilər Azərbaycanın həyata keçirdiyi strateji layihələrdən kənarda qalmalarının səbəbləri üzərində düşünürək bu sosial sıxıntının siyasi qərarlarını çıxarmağa qadir olmalıdırlar"

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini,millət vəkili Aydın Mirzəzadə açıqlamasında münaqişənin nə vaxt həll olunacağını deməyin çətin olduğu bildirib:
"Hər il Qarabağ münaqişəsinin həllində ciddi bir dönüş ili ola bilər. Ancaq konkret olaraq bunun ilini demək çox çətindir. Çünki həm vəziyyət mürəkkəbdir, həm Ermənistanın arxasında duran qüvvələr problemin həllinə çox ciddi təsir göstərirlər. Ermənistanın özündə hələ vəziyyəti real qiymətləndirən hakmiyyət formalaşmayıb. Bir sözlə, səbəblər çoxdur. Ona görə bu haqda indidən bir söz demək çətindir. Prinsip etibarı ilə illər sonra bu məsələ həll oluna bilər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan öz mövqeyindən əl çəkmir. Bu danışıqlara getməklə yanaşı, hərbi, diplomotik fəaliyyətini davam etdirib, gücləndirir. Ermənistanın cəbhə xəttindəki provokasiyalarına üstün cavab verir. Azərbaycan tərəfindən problemin tezliklə həlli üçün cəhdlər dayanmır".Millət vəkili onu da deyib ki,Prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi gec-tez torpaqlarımızın qaytarılmasına gətirib çıxaracaq.

Sosial Demokrat partiyasının sədri,deputat Araz Əlizadə deyib ki,Azərbaycan ordusu işğal altında olan torpaqları qaytarmağa cəhd etməlidir.
“Belə olan halda bütün beynəlxalq təşkilatlar, o cümlədən 13 il əvvəl məlum 4 qətnamənin qəbul edildiyi BMT sükutla razılıqlarını bildirəcəklər. İşğalçılara KTMT də kömək edə bilməyəcək. çünki bu qurum yalnız üzv ölkəyə xarici müdaxilə olduğu halda işə qarışa bilər. Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olduğu zaman Qazaxıstan və Belarus prezidentlərinin tələbi ilə Qarabağın onların ərazisi olmadığı ilə bağlı parlament qərarı verməyə məcbur olmuşdu. Buna görə də, ərazi bütövlüyünün bərpası üzrə hərbi əməliyyat beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycan ərazisində aparılacaq"
Tarixçi professor, deputat Musa Qasımlı düşünür ki, Ermənistanın arxasında bəzi güclər dayanmasa, münaqişə həllini tapmış olar:
"Ermənistanın hərbi təcavüzü və davakar separatizm nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi kompleks yanaşma tələb edir. Bizim ərazilərimizi Ermənistan təkbaşına deyil, xarici qüvvələrin yardımı ilə işğal edib. İşğalı həyata keçirmək üçün bu ölkənin imkanları və potensialı yoxdur. Ona görə də Azərbaycan dövləti daxili və beynəlxalq amillərin məcmusu nəzərə alınmalıdır. İlk növbədə Azərbaycan Respublikası daha da güclənməli, ölkədə sabitlik davamlı olmalıdır. Xalqımız hakimiyyətin yanında olmalıdır. Bütün beynəlxalq şərait diqqətə alınmalıdır. Diplomatiya gücə arxalanmalıdır. Hərbi təcavüzə və işğala son qoyulması prosesində güc tətbiq etmək lazım gələrkən diplomatiyadan istifadə etmək, diplomatiyadan istifadə etmək lazım gələrkən güc tətbiq etmək, təzyiq tətbiq etmək lazım gələrkən güc və diplomatiyadan istifadə etmək fayda verməz. Dövlətimizin bütün daxili və beynəlxalq konyukturanı nəzərə almaqla ərazilərimizi işğaldan azad edəcəyinə inanıram".

Milli Məclisib deputatı Adil Əliyev münaqişənin hərbi yolla həll edilə biləcəyini deyib:
“Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız gücümüzü birləşdirib, müharibə etməkdən keçir. Başqa ikinci yolumuz yoxdur. 24 ildə hamısını gördük... Sadəcə, imkanlı adamlarımızın hamısı, imkanlarını vətənpərvərlik ruhunun yüksəltmək üçün xərcləməlidir...Hələlik bunu görmürəm... Nazirlər və onların yaxınları bu istiqamətdə pul xərcləmirlər... Amma əslində xərcləməlidirlər”. Millət vəkili münaqişə ilə bağlı söylədyi fikirlərdə "Düşmən Dağlıq Qarabağı aldıqlarını və bu problemi arıq həll etdiklərini düşünür. Ancaq Sarkisyan unutmamalıdır ki, haqq bizim tərəfimizdədir və hələ Dağlıq Qarabağ uğrunda mübarizə yekunlaşmayıb. Bu torpaqlar uğrunda şəhid olanların qanı mütləq alınacaq. Qarabağda yaşayan insanlar isə gec-tez öz torpaqlarına qayıdacaqlar. Bu gün hər bir vətənsevər azərbaycanlı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib və onun əmrini gözləyir”-deyə,bildirib.

Prezident İlham Əliyevin YAP qurultayındakı
çıxışına nəzər saldıqda görürük ki, işğalçı Ermənistana qarşı iqtisadi təzyiqlərin də artırılacağı vurğulanıb:
"Təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları kənarda saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik. Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun"
Eldəniz Cəfərov
Azadpress.az