Bu gün sürücülərin bir çoxu vaxtı ödənilməmiş MMX protokollara görə qeydiyatdan və texniki baxışdan keçirilməkdən imtina edilməsi barəsində soruşurlar.
Hansı halda ödənməmiş MMX protokola görə bu halla rastlaşa bilərsiniz?
İndi MMX protokola görə avtomobili qeydiyyata salmaq elə də asan deyil.
Əvvəllər DYPİ-də ödənməmiş MMX-a görə qeydiyatdan imtina edilirdi. Səbəb kimi ödənilməmiş MMX protokol avtomobil qeydiyyatdan çıxdıqdan sonra kimin tərəfindən icra ediləcəyi naməlum qalırdı. Daha doğrusu həmin şəxsin hansısa əmlakına yönəldilə bilmirdi. Axı qanun hansı nəqliyat vasitəsi ilə inzibati pozuntu törədilirdi inun saxlanılması haqqında qərar verilməsini tələb edirdi. Bu halda isə avtomobilin mülkiyətçisi dəyişir və qanunun bu müddəası başqa mülkiyətçiyə tədbiq ediləndə vətəndaşın mülkiyət hüququ pozulurdu. O zaman gərək DYPİ-i borcu olan şəxsi məhkəməyə verib, həbsi ayrı əmlaka yönəltməli idi. Bu isə çətin və resurs tələb edən proses olduğundan qanun dəyişdirildi.
150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.
Bu cür vətəndaşı cərimə ödəməyə məcbur etmək mümkün olmadığına və çox zaman müddət ötürüldüyünə görə, yüzlərlə cərimə ödənilməmiş qalırdı. Bu baxımdan ölkədə olan avtomobillərin çoxu etibarnamə əsasında idarə edildiyinə görə, onların qeydiyyata və ya texniki baxışa gəlməsi mütləq idi. Buna görə YHQ 27-ci maddəsinə və bu qanundan dolayı alt qanunlar olan Nazirlər Kabinetinin qərarına və DİN-in təlimatına dəyişiklik edildi.
MMX protokolu ödəmədən avtomobil qeydiyyata alınmır və ya texniki baxışdan keçmir.
Yeni qaydalara görə avtomobilin qeydiyatı (texniki baxış) zamanı MMX protokolu tələb edə bilərlərmi ?
Yeni dəyişikliyə əsasən, qərarı verilmiş və ödənilməmiş mmx protokol varsa, sürücü mütləq bu borcu ödədikdən sonra avtomobil qeydiyata alınır və ya texniki baxışdan keçirilir. Burada əsas diqqət ediləcək məqam məhz qərarı verilmiş MMX protokollardır. Qərarı verilməmiş MMX protokolu sürücüdən tələb etmək doğru deyil.
Baxırsan ki, sürücüyə qərarı verdirmək üçün mütləq hansısa DYPİ-nə yaxınlaşmağı tələb edirlər. Bu doğru deyil. Cərimənin qərarını sürücü deyil, yol polisi verir. Və buna görə harasa yaxınlaşmalı deyilsən. Şübhəsiz ki, qərarsız cərimələrin qərarının verilməsi zaman alır və hətta müddət ötürülməsi ilə nəticələnir. Lakin sürücü buna cavabdeh deyildir. Cərimə sistemə vurulmalı və daha sonra ödənilməlidir. Sürücü qapı-qapı düşüb qərar verdirməli deyil. Ona görə qeydiyat və ya texniki baxışda yalnız qərarı verilmiş inzibati protokolları ödəyir, qərarı verilməmiş inzibati mmx protokolu ödəməyə bilərsiniz.
125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.
Sizdən qərarı verilməmiş mmx protokolu tələb etdikdə bu maddəni mütləq xatırladın.
Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı
Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ,eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.
Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuşorqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir. Azadpress.az(avtostop.tv)