Millət vəkili İTV-ni dini mövhümat təbliğatında suçlayıb


“Dövlət tərəfindən ziyarətgahlara maliyyə ayılması müsbət haldır. Ancaq televiziyada nəzir verməyin təbliği yolverilməzdir”.

Azadpress.az xəbər verir ki,bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, bugünlərdə dövlət büdcəsindən maliyyələşən ictimai televiziyada xurafatın təbliğ olunmasının şahidi olub:

“Heç sovet dövründə bu qədər xurafat, mövhumat təbliğ olunmurdu, amma İTV-də belə təbliğat aparıılır. Biz yenidən Molla İbrahimxəlil Kimyagərin yanına qayıdacağıqsa, yeni dövrə adaptasiya ola bilməyəcəyik. Hesab edirəm ki, bu cür təbliğat zərərlidir. Belə verilişlərdən elə təəssürat yaranır ki, sanki hər universitetin həyətində bir ziyarətgah açılmalıdır. Verilişə xaricdə təhsil alanları, elm adamlarını dəvət edərək dini təbliğ etmək əvəzinə ziyarətgahları, nəzir verməyi təbliğ edirlər”.

F.Mustafa əlavə edib ki, “Dini eiqad haqqında” qanunda istisna hal kimi xaricdən dəvət edilən din xadimlərinin təbliğat aparmasına icazə verilir və bu istisna universitet professorlarına da şamil olunmalıdır”.

Spiker Oqtay Əsədov isə bildirib ki, söylədiyi bir çox fikirlə razı olsa da, artıq qanun qəbul edilib:

“Hesab edirəm ki, qanunun növbəti müzakirəsi zamanı məsələyə qayıtmaq olar”.

İclasda Cinayət və İnzibati Xətalar Məcəlləsinin “Dini etiqad azadlığı” haqqında Qanuna uyğunlaşdırılması məqsədilə dəyişikliklər layihəsi müzakirə edilərək təsdiq edilib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.