Azərbaycanlı qadın Almaniyanı İnsan Haqları Məhkəməsinə verir


Azərbaycanlı İsmayılovlar ailəsi Almaniyanın Fürth şəhərində köməksiz vəziyyətdədir. Əlil övladı Əmrahı müalicə etdirmək üçün bu ölkəyə üz tutan Sədaqət İsmayılovanın müraciətlərinə baxmayaraq Almaniya dövləti onlara yardım göstərmir.

Azadpress.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Posta” saytında məqalə yerləşdirilib.

Mənbə qeyd edir ki, 2015-ci ildə 5 min dollar pul ödəyərək Almaniyaya viza alan 61 yaşlı Sədaqət ismayılova hüquq dövləti olduğu üçün buranı seçib. Fürth şəhər İdarəsi onlara məskunlaşmaq üçün bir otaq verib. Lakin ailə bura yerləşəndən müxtəlif problemlərlə üzləşib, onlarla maraqlanan, problemlərinə yardım edən olmayıb.

“Oğlum Əmrahın 30 yaşı var, əlildir. Almaniya hüquq dövləti olduğu üçün, bizə sahib çıxacaqlarını düşündüyümüz üçün bura sığındıq, amma əksini gördük. Oğlumun dişində problem var idi, ona görə Erlangendə xəstəxanaya getdik. Xəstəxanada onun 16 dişini birdən çəkdilər. Yemək yeyə bilmir, çox əziyyət çəkir. Əslində onun dişlərini təmir də edə bilərdilər. Oğlumu gördükcə ürəyim qan ağlayır. Sıxıntıdan xərçəng xəstəliyi tapmışam, təzyiq və depressiyadan əziyyət çəkirəm. Mənim daha Almaniyadan bir istəyim qalmadı…”, - deyə S. İsmayılova bildirib.

O, həmçinin bildirib ki, öz haqqını müdafiə etmək üçün İnsan Haqları Məhkəməsinə müraciət edəcək: “Əgər Almaniyada haqq-ədalət varsa, öz yerini tutsun. Çünki mən əlil övladım üçün hər gün göz yaşı tökürəm. Mən sosializmin ən iyrənc formasını Azərbaycanda, kapitalizmin ən iyrənc formasını isə Almaniyada gördüm. Buna görə də, haqqımı müdafiə etmək üçün İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm. Vəkilim Vüsal Arslan bütün aidiyyati orqanlara müraciətlər ünvanladı. Amma heç bir cavab olmadı. Əlil oğlum Əmrah ilə hara gedəcəyimi bilmirəm. Əmrahın vəziyyəti çox ağırdır. Ona təcili normal şərait yaradılmalıdır. Bir otağın içərisində dörd divara baxırıq, divarlar üstümüzə gəlir. Bundan sonra kiminsə bizə sahib çıxacağını düşünmürəm. Tək ümidimiz İnsan Haqları Məhkəməsinin verəcəyi qərarı gözləməkdir”, - deyə azərbaycanlı qadın bildirib.Azadpress.az Virtualaz.org


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.