top of page

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi ilə bağlı təntənəli mərasim keçirilib


Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında təntənəli mərasim keçirilib.

Azadpress.az xəbər verir ki, DTX rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib.

O, ümummilli lider Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü bildirib.

Ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın tərəqqisinə böyük imkanlar yaratdığını vurğulayan general-leytenant Mədət Quliyev, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü və milli maraqlara əsaslanan fəaliyyət strategiyasının ölkəmizdə sabitliyə və sosial-iqtisadi inkişafa təminat verdiyini diqqətə çatdırmışdır:

“Bu gün Azərbaycan dünyada sürətli inkişafa, sağlam investisiya və hərtərəfli təhlükəsizlik mühitinə malik sabit ölkə kimi tanınır”.

General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə ölkə vətəndaşlarının rifahı naminə irimiqyaslı sosial layihələr icra olunur. Yüksək səviyyədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər nəticəsində Azərbaycan dünyada həm də mədəniyyət və idman mərkəzinə çevrilib.

Ölkəmiz gücləndikcə vətəndaşlarımız özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, onun arxasında dövlət və onun güclü, qətiyyətli, uzaqgörən Prezidenti cənab İlham Əliyev dayanır. Bunun nəticəsidir ki, əhalinin sosial rifahı yaxşılaşır, xalq-iqtidar birliyi günbəgün güclənir, ölkədə sabitlik və əmin-amanlıq təmin olunur.

General-leytenant Mədət Quliyev həyata keçirilmiş sistemli struktur və kadr dəyişikliklərinin, o cümlədən fəaliyyətin optimallaşdırılmasının, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasının, sağlam işgüzar mühitin yaradılmasının, eləcə də sosial-maddi təminatın, beynəlxalq əlaqələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin DTX-də xidmətin daha səmərəli və çevik təşkilinə təkan verdiyini qeyd etmişdir. O, respublikada sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə sahəsində DTX-nin aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini bildirmişdir.

Qarşıda ölkəmizi daha bir mötəbər siyasi tədbirin gözlədiyini diqqətə çatdıran general-leytenant Mədət Quliyev, aprel ayının 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək təhlükəsizlik və ictimai sabitlik şəraitində keçirilməsi üçün digər aidiyyəti orqanlarla yanaşı, DTX tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini qeyd etmişdir.

Göstərdiyi diqqət və qayğıya görə Dövlətimizin başçısına əməkdaşların adından minnətdarlıq edən general-leytenant Mədət Quliyev demişdir: “Peşə bayramı ərəfəsində möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamları ilə ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi fəaliyyətimizə verilən yüksək qiymətin növbəti bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideallarını və peşəkarlıq irsini şərəflə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edən və qüdrətli dövlətə çevrilməsi uğrunda məqsədyönlü və uğurlu siyasətin həyata keçirilməsində daim ön sırada olacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanın bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcəkdir”.

Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter almışdır. Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər qazanır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə daha da möhkəmlənir. Ali Baş Komandanın rəhbərliyi ilə dövlət təhlükəsizliyi orqanları xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasına öz layiqli töhfələrini verirlər.

Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şamil Süleymanov, Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu bildirmişdir.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Sonra Azərbaycan Respublikası Prezidentinin DTX-nin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamları elan edilmişdir.

Xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmrləri oxunmuşdur. Təltif olunanlara, o cümlədən bir qrup veterana “Dövlət təhlükəsizliyi orqanlarının veteranı” döş nişanı təqdim olunmuş, peşə bayramı münasibətilə DTX-nin struktur bölmələri arasında idmanın müxtəlif növləri üzrə keçirilmiş yarışların və turnirlərin qaliblərinə mükafatlar verilmişdir.

Sonda örnək olan ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin peşəkarlıq məktəbinin nümunələri əsasında çəkilmiş film nümayiş olunub.


bottom of page