Şərəf və ləyaqət toxunulmazdır


Müasir demokratiyada heç bir insan fikir azadlığından məhrum edilmir. Lakin hər bir fərd cəmiyyətin rəyini, ölkə vətəndaşlarının fikirlərini nəzərə almaqla,şəxsiyyətin şərəf və ləyaqətini alçatmamaqla öz rəyini bildirməlidir.

Bu gün, informasiya zənginliyi dövründə insanın şərəfinin qorunması,şəxsi həyatın toxunulmazlığı qədər xüsusi əhəmiyyət kəsb edir. Demokratiya və texniki vasitələrin təkmilləşməsi hər hansı bir fərdin barəsində şayiələrin yayılması imkanlarını daha da artırır. Belə vasitələrin qərəzli şəxslərə əlçatan olması məsələnin müzakirə mahiyyətini aktuallaşdırır.Elə bu səbəbdən böhranlı şəraitdə idarəetmə üzrə mütəxəssis,Milli Məclisə deputatlığa namizəd olmuş Mürsəl Eldaroğluna müraciət etdik ki,bu gün cəmiyyəti narahat edən mövzuya daha peşəkar müstəvidə aydınlıq gətirək və fikrimizi qətiləşdirək.

Mürsəl müəllim,söyüşü insanın şərəf və ləyaqətini alçatmaq məqsədi ilə bir alət kimi istifadə etməni necə qiymətləndirmək olar?

Sizin sualınıza cavab olaraq ilk öncə hər hansı bir insanın digər insana qarşı şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən hansı hallarda istifadə etməsi ehtimalına nəzər yetirmək zəruridir. Hər hansı bir insanın digər insana qarşı şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən hansı hallarda istifadə etməsi ehtimalını aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

-İnsan əqli cəhətdən anormal olduqda,

-Hər hansı bir insan digər insanla mübahisə etdikdə, həmin insana qarşı mübarizə apararaq bu və yaxud digər formada ona məğlub olduqda,

- Hər hansı bir insan tərəfindən özünün şərəf və ləyaqəti alçaldılan ifadələrə və hərəkətlərə cavab verdikdə,

-Şəxsi iradəsinə deyil, digər şəxsin iradəsinə tabe olduqda.

Lakin yuxarıda qeyd olunan halların hər hansı birinin olmasına baxmayaraq, əqli cəhətdən anormal olan insan istisna olmaqla, əqli cəhətdən normal olan insanın leksikomunda şərəf və ləyaqəti alçaldan ifadələrdən istifadə edib və yaxud etməməsinin göstəricisi - onun mənəvi keyfiyyətlərinin, tərbiyəsinin, elmliyinin, iradəsinin, hisslərinin ağlına tabe etdirmək bacarığının səviyyəsidir. Yuxarıda qeyd etdiyim amillərdən hər hansı birinin səviyyəsinin aşağı olması insanın öz leksikomunda digər insana qarşı şərəf və ləyaqəti alçaldan ifadələrdən istifadə etməsinə şərait yaradır...

Niyə görə bu adamlar şərəf və ləyaqəti alçaldan ifadələri bizim ölkə başçımıza ünvanlayrlar? Bu halı necə qiymətləndirirsiz?

Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının VI qurultayında nitqi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq” fikrini söylədikdən sonra erməni lobbisinin və bəzi xarici dairələrin narahatlığının, etirazlarının şahidi olduq. Yeni Azərbaycan Partiyasının VI qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqi zamanı söylədiyi bu fikrə etirazlarla paralel olaraq siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunmasının intensivləşməsi bu hadisələrin təsadüfdən olmamasını deməyə zəmin yaradır. İlk öncə onu qeyd etmək istəyirəm ki, siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunmasının intensivləşməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi gedişləri qarşısında mat vəziyyətinə düşən erməni lobbisinin,bəzi xarici dairələrin və onların sözcülərinin siyasi və məntiqi cəhətdən məğlubiyyətlərinin etirafı kimi dəyərləndirirəm. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə qarşı siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunmasını nəinki, cənab İlham Əliyevə, ümumilikdə Azərbaycan Respublikasının vətəndaşlarına, milli-mənəvi dəyərlərə hörmətsizlik əlaməti kimi qiymətləndirirəm. Bir faktı xüsusilə qeyd etmək istəyirəm ki, kimin tərəfindən və kimə qarşı olmasından asılı olmayaraq özünə, ailə üzvlərinə, xüsusilə də ailəsinin xanım üzvlərinə hörmətlə yanaşan şəxs digər insana, həmin insanın ailə üzvlərinə, xüsusilə ailənin xanım üzvlərinə qarşı şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə etməməlidir.

Bu cür halların qarşısı necə alınmalıdır?

Hər hansı bir insan digər insana qarşı şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə edirsə, deməli həmin insana qarşı həm də mənəvi terror edir. Həmçinin, həmin insanın yaddaşında silinməz iz yaradır. Mənim fikrimcə,bu cür hallara qarşı ən düzgün mübarizə üsulu hər hansı bir şəxs və yaxud şəxslərin danışıqlarının, əməllərinin ayrı-ayrılıqda ictimaiyyət arasında qiymətləndirilməsi və münasibət bildirilməsi ilə deyil, həmin şəxslərin danışıqlarına və əməllərinə qanunamüvafiq surətdə hüquqi müstəvidə qiymət verilməsidir. Həmin şəxslərin danışıqlarına və əməllərinə qanunamüvafiq surətdə hüquqi müstəvidə qiymət verilməsi ilə yanaşı ümumilikdə, siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunmasını ictimai qınaq obyektinə çevrilməsini təmin etmək və bu prosesi elektron kütləvi informasiya vasitələrində işıqlandırmaq zəruridir. Milli mentaliteti nəzərə alaraq siyasi mövqeyindən asılı olmayaraq özünə, ailə üzvlərinə, xüsusilə də ailəsinin xanım üzvlərinə hörmətlə yanaşan istəlinən şəxs siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunmasına heç bir zaman haqq qazandırmaz. Həmçinin, bir faktı da xüsusilə qeyd etmək istəyirəm ki, siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunması vətəndaş qarşıdurmasına səbəb ola bilər. Bu hal isə dövlətçiliyimiz üçün təhlükəlidir. Dövlətçiliyimizin qorunması naminə elm və təhsil ocaqlarında, müəssisə və təşkilatlarda “Siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunmasına yox deyirik!” şuarı altında tədbirlərin həyata keçirilməsi, siyasi mövqeyindən asılı olmayaraq elektron kütləvi informasiya vasitələrində, həmçinin Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız tərəfindən öz Facebook səhifəsinin və WhatsApp-ın statusunda “Siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunmasına yox deyirik!” şuarının qeyd olunması şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadəni özlərinin silahına çevirərək mənəvi terrorla məşğul olan şəxslərin tərkisilah olunmasına səbəb ola bilər.

Azadpress.az saytının yaradıcı kollektivi olaraq düşünürük ki,ictimaiyyət bu gün öz mövqeyini qəti şəkildə bildirməlidir.Əgər cəmiyyətdə ictimai qınaq olmasa,sabah bu söyüş ritorikası adiləşə bilər.Və bununla da müəyyən gərginliyə səbəb olar.Xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olmayan tərzdə siyasət oyunu oynamaq istəyənlər dərk etmək iqtidarında deyillər ki, maraqlı tərəflərin əlində oyuncağa çevrilməkdədirlər.İstifadə olunduqdan sonra qapalı çevrənin kəndarına atılacaqlar.Lakin intellektual mülkiyyətə,siyasi savada malik olmadıqları üçün müstəqil düşünə bilmirlər. Onu da bilmirlər ki,ən ideal demokratik quruluşda belə sərbəst fikir azadlığı cəmiyyətin qəbul etdiyi kontekstdə təmin olunur.Bütün dövrlərdə insanlar öz şərəf və ləyaqətlərini müdafiə edirlər. Xüsusən də Azərbaycan milli-mənəvi dəyərlərində diskussiya zamanı söyüşün işlədilməsi xalq tərəfindən neqativ hal kimi qiymətləndirilir və buna heç bir halda haqq qazandırılmır.

Unutmayaq ki, Azərbaycan Respublikasında vətəndaşın şərəfi, ləyaqəti və işgüzar nüfuzu dövlət tərəfindən qorunur.İnkişaf etmiş Qərb ölkələrinin qanunlarına görə və Azərbaycan Respublikasının cinayət məcəlləsinə əsasən,böhtan, yəni, yalan oldüğunu bilə-bilə başqa şəxsi ləkələyən uydurmaları yayma cinayət məsuliyyəti yaradır.Şərəf və ləyaqəti alçaldılmış şəxs isə qarşı tərəfdən təkzib, üzr istəməsini və vurduğu mənəvi zərərə görə cərimə tələb edə bilər.

Biz “Siyasi mübarizədə şərəf və ləyaqəti alçaldan ifadələrdən və hərəkətlərdən istifadə olunmasına yox deyirik!” və bütün cəmiyyəti bu şüara qoşulmağa dəvət edirik.

Eldəniz Cəfərov

Azadpress.az-ın baş redaktoru


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.