Əli Abbasov:"Rusiya gərgin,Putin çətin vəziyyətdədir"


Azadpress.az professor,siyasi analitik Əli Abbasovun Teleqram-a verdiyi müsahibəni təqdim edir.

- Əli müəllim, bir sıra dünya dövlətlərinin rus diplomatlarını öz ölkələrindən qovması prosesi davam edir. Sizcə, Qərb və Rusiya arasında nə baş verir?

- Bəzən deyirlər ki, rus diplomatlarını deportasiya edirlər. Bu, deportasiya deyil. Çünki deportasiya diplomatik şəxslərə aid deyil. Əslində belə təcrübə əksər ölkələrdə var. İstənilən ölkə ərazisində olan diplomatı çıxara bilər. Qarşı tərəf də şübhəsiz ki, buna adekvat cavab verir. Hazırda rus diplomatlarla bağlı müşahidə etdiyimiz prosesin sonu bilinmir. Böyük ehtimalla Londonda casuslara qarşı sui-qəsddə rusların əli var. Bu səbəbdən də Avropa ölkələri Moskvaya qarşı həmrəylik nümayiş etdirir. Ancaq hələlik adekvat addımlar atılmır, gözlənilir ki, prosesin sonu necə olacaq. Sadəcə, bəzi ölkələr Londona qarşı dəstək jesti edirlər. Bəzi ölkələr də bu addımı məcburən atır. Bu ölkələrdən biri də Moldovadır. Bu proses hələ davam edəcək.

- Proses hara qədər davam edəcək?

- Sizə deyim ki, belə praktika var və müxtəlif illərdə baş verib. Ancaq bu miqyasda ilk dəfədir ki, baş verir. Fikrimcə, bu, Böyük Britaniyadan daha çox Amerikanın təzyiqidir. Amma yenə də gözləmək və Böyük Britaniyada gedən istintaqın nəticələrinə baxmaq lazımdır.

- Diplomatik sahədə müşahidə olunan proses başqa istiqamətlərə də sirayət edə bilərmi?

- Bundan əvvəl iqtisadi sahədə addımlar atılıb. Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bu sanksiyalar işləyir. Güman ki, Rusiyaya qarşı yeni tədbirlər də nəzərdə tutulur, amma biz onun nədən ibarət olduğunu hələlik bilmirik. İqtisadi sanksiyalar isə Rusiyaya üçün çox ciddi addımdır. Burada məsələ ondadır ki, Böyük Britaniya kimi dövlət ABŞ-la müqayisədə daha çox rus diplomatını ölkədən çıxarıb. Mən SSRİ dövrünü nəzərdə tuturam. SSRİ dövründə ən gərgin diplomatik əlaqələr Moskva ilə London arasında yaşanıb.

- Bu prosesin hərbi sahəyə keçəcəyini gözləyirsinizmi?

- Hərbi qarşıdurma 5 ildən çoxdur gedir. Bu açıq-aydın görünür. Konkret olaraq, Rusiya-Qərb sərhədlərində işlər aparılır. Rusiya öz tədbirlərini, NATO isə öz işlərini həyata keçirir. Faktiki olaraq sərhədlərdə NATO və Rusiya üz-üzə dayanıb. Üstəlik Suriya, Ukrayna münaqişələrində hər iki tərəf iştirak edir.

Hələlik bu münasibətlərin silahlı qarşıdurmaya çevrilmək ehtimalı yoxdur. Amma Böyük Britaniya ortaya faktları çıxarsa və casus ölümlərində rus əlinin olduğunu ortaya qoysa, bu zaman münasibətlər daha da kəskinləşəcək. Onu da demək lazımdır ki, bütün ölkələr müharibənin başlamasından qorxur. Əvvəla, ABŞ hərbi doktrinasına görə, müharibə başlasa, birinci növbədə atom silahından istifadə edilə bilər. Bu silahlar Rusiyada da var. Odur ki, tərəflərin özləri də müharibədən çəkinir.

- Diplomatları fərqli ölkələrdən çıxarılan, ciddi iqtisadi sanksiyalara məruz qoyulan, NATO-nun sərhədlərinə yaxınlaşdığı Rusiyanın indiki durumunu necə qiymətləndirmək olar?

- Rusiyanın və Putinin ən ağır, gərgin və çətin vəziyyətidir. Görək Putin yeni prezidentlik müddətinə nə ilə başlayacaq. Adətən, o, prezident seçkilərindən sonra nitqlə çıxış edir. Baxaq görək, bu nitqdə hansı məqamlar qabarıq olacaq.

- Çoxları deyir ki, bu proses Rusiyanı dağıda bilər...

- Əslində dağılma prosesi gedir. Ancaq Rusiyanın ehtiyatlarının olmadığını söyləmək ciddi qəbul olunmaz. Hələlik Rusiya özünü qoruyur.

- Rusiyanın hansı ehtiyatları var və bu ehtiyatlar Rusiyanı düşdüyü durumdan çıxara bilərmi?

- Gəlin düşünək: başqa bir ölkəyə qarşı belə təzyiqlər olsaydı, həmin dövlət neyləyərdi? Məncə, həmin dövlət ya siyasətini dəyişər, ya da dağılardı. Amma Rusiya balaca bir ölkə deyil, üstəlik atom silahına malik dövlətdir, BMT Təhlükəsizlik Şurasının üzvüdür. BMT özü Rusiyanı tənqid etməkdən çəkinir.

- Bu izolyasiya prosesində Rusiya təkdir, yoxsa müttəfiqləri var?

- Biz indi görürük ki, Suriya məsələsində Moskva Ankara və Tehranla əməkdaşlıq edir, birgə addımları olur. Üstəlik Avrasiya qitəsində Hindistan və Çinlə yaxınlıq etmək məsələsi önə çıxır. Burada əsas qüvvə Çindir. Çin hələlik neytral vəziyyətdədir və hərdən Rusiyanın xeyrinə çıxışlar edir. Pekin istəmir ki, ABŞ yenidən hegemon olsun. Burada Çinin öz marağı da var.

- İndi biz birqütblü dünyada yaşayırıq, yoxsa necə?

- Əgər silahları əsas götürsək, dünya bir qütblüdür. Ancaq son illər gedən siyasi motivlərə diqqət edəndə görünür ki, dünya bir qütblü deyil. Biz hətta Rusiyanı kənara atıb Çini götürəndə görünür ki, dünya bir qütblü deyil.

- Yəni müharibə ehtimalı daim var?

- Hələlik bu ehtimal yoxdur. Dünyada o qədər dəhşətli silahlar var ki, müharibə başlasa, böyük fəlakətlərə yol açar. Ona görə çalışırlar ki, arxasında Rusiya və ABŞ-ın durduğu müharibələr lokal və ya regional müharibəyə çevrilsin. Yəni imkan verilmir ki, müharibə hər yerə sirayət etsin.

Azadpress.az Telerqraf.com


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.