top of page

Pos-terminaldan imtina edənlər cəzalandırıla bilər


"Böyük otellərin, ticarət mərkəzlərinin əksəriyyətində də pos-terminallar mövcuddur. Kiçik otellər və mağazalarda bu və ya digər bəhanələr əsas gətirilərək bildirilir ki, pos-terminal yoxdur. Amma axtaranda piştaxtanın arxasında pos-terminal görürük. Bu pos-terminallar işləməlidir".

Azadpress.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, pos-terminaldan imtina olunmasına görə qanunvericilikdə müəyyən tələblər qoyulmalıdır.

"Nə üçün istehlakçının haqqını pozursunuz? Bu gün Azərbaycanda turizm inkişaf edir. Turist özü ilə pul torbası gəzdirməlidir? Əlbəttə kartlardan hər yerdə istifadə olunur, Azərbaycanda da istifadə olunmalıdır. Son 1-2 ildə ölkədə pos-terminalların sayı bir qədər azaldı. Azalma bank sistemində olan dəyişikliklərlə bağlıdır. Bağlanan banklar oldu. Nağdsız hesablaşmalara keçidin müəyyən alternativi yoxdur. Əgər kimsə düşünür ki, geri dönüş olacaq, bu, mümkün deyil. Dünya bir istiqamətə gedir, biz bu istiqamətin əksinə getməyəcəyik. Bu, qanunun tələbidir, dövlət başçısının qarşımıza qoyduğu tələbdir. Biz çalışmalıyıq ki, istehlakçıların hüquqları qorunsun", - deyə nazir müavini vurğulayıb.

"APA-Economics"


bottom of page