
Əlimərdan bəy Topçubaşovun “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı çap olunub.
Çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Cümhuriyyətinin ideya atalarından və ən fəal xadimlərindən biri, parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi ilk dəfədir ki, belə geniş şəkildə Azərbaycan oxucusuna təqdim edilir. Kitaba görkəmli xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsindən nümunələr toplanmışdır.
Yaxın günlərdə 100 illiyi qeyd olunacaq milli dövlətimizin - Azərbaycan Cümhuriyyətinin (1918–1920) “qurucu atalar”ından olan bu tarixi simanın titanik fəaliyyətini sənədli faktlar və materiallarla sərgiləyən nəşr, Cümhuriyyətin əzablı doğuluş prosesini və bu idealın əbədiyaşarlığını da dolğun şəkildə əks etdirir. Kitabın tərtibçisi Vilayət Quliyev, redaktoru Afaq Məsuddur. Azadpress.az