Avropalı soydaşlarımız:“Hər yerdə səninləyik,Azərbaycan!”


Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə ölkəmizin Niderland Krallığının Haaqa şəhərindəki səfirliyi qarşısında azəbaycanlıların həmrəylik aksiyası keçirilib.

Azadpress.az xəbər verir ki, aksiyada Niderland Krallığında yaşayan çoxsaylı soydaşımız iştirak edib.Çıxış edənlər Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun getdikcə artdığı, regionun lider dövləti kimi qlobal əhəmiyyətli layihələrdə aparıcı rol oynadığı diqqətə çatdırılıb. Aksiya iştirakçıları anti-Azərbaycan qrupların Azərbaycan dövləti əleyhinə fəaliyyətini pisləyərək, bunun ölkəmizin imicinə xələl gətirdiyini bildiriblər.

Mitinqdə çıxış edən AAK prezidenti Sahil Qasımov bildirib ki, tək Niderlandda yox Avropada yaşayan əksər azərbaycanlılar bu kampaniyadan ciddi narahatdırlar və tarixi vətənləri Azərbaycan dövlətinə qarşı bu çirkin kampaniyanı pisləyirlər:

“Biz çox təəssüf edirik ki, özünü müxalifət kimi təqdim edən bəzi azərbaycanlılar kənar qüvvələrin təsiri alta düşərək Azərbaycan dövlətinə, dövlət atributlarına qarşı təhqir edirlər. Bu, Avropada yaşayan biz azərbaycanlıları tarixi vətənimiz adına məyus edir, buna ciddi etirazımızı bildiririk. Onlar müxalifət adı ilə burada Azərbaycanın, dövlət rəhbərliyinin nüfuzunu kimlərinsə sifarişi ilə ləkələməyə çalışırlar. Söyüş, təhqir edici kampaniyalar heç bir ölkənin, hələ də Avropanın yaşam qaydalarına uyğun deyil. Bütün bunlara görə həmin şəxsləri Avropada yaşayan Azərbaycan müxalifətinin təmsilçiləri də qəbul etmirlər. Ümumiyyətlə təhqir acizlərin son silahıdır. Ümumiyyətlə o şəxslərin bu hərəkətlərdən sonra burada Azərbaycanı təmsil etmək haqları da yoxdur”.

BAK-ın birinci vitse prezidenti Elsevər Məmmədov isə bildirib ki, bu gün Azərbaycana, Türkiyəyə qarşı Avropada bəzi dairələr sifarişlə çirkin kampaniya aparırlar:

“Azərbaycandakı inkişaf təbii ki, burda bəzi dairələri narahat edir və onlar də aramızdakı bəzilərini təsir altına alaraq çox təəssüf ki, ən çirkin təbliğat üçün istifadə edirlər. Əlləri bütün vasitələrdən üzüldüyü üçün indi də söyüş və təhqirə əl atıblar. Avropada belə hərəkətlər ən azı biz azərbaycanlıların adına utanc vericidir. Amma təbii ki, bu cəhdlər faydasızdır. Çünki son 25 ildə məhz bu təzyiqlərə baxmayaraq Azərbaycan sürətlə inkişaf edərək bu mövqeyə gəlib çatıb”.

Çıxış edən Avropa azərbaycanlılarından Niderlandın Brabant əyalətinin azərbaycanlılar Şurasının sədri Ofelya Babayeva, Sima Cəfərova, Mayisə Ağamirzəyeva və digərləri bu təhqir kampaniyasına sərt etiraz ediblər. Onlar ölkədə yaşayan azərbaycanlıların daim Azərbaycan dövlətini dəstəklədiklərini, son illər ölkədə aparılan inkişafı təqdir etdiklərini bildiriblər. Aksiya iştirakçıları hər zaman dövlətimizi, onun siyasətini dəstəklədiklərini bəyan ediblər. Aksiya zamanı soydaşlarımız həmişə Azərbaycan ilə olduqlarını, Vətənin adını daim uca tutduqlarını, gücümüzün birliyimizdə olduğunu bildiriblər.

İştirakçılar “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Fəxr edirik ki, azərbaycanlıyıq!”, “Harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Azərbaycan dövlətinin yanındayıq!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qruplara etirazlarını bildirərək deyiblər: “Təhqir acizlərin son silahıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı Azərbaycan dövləti ilə fəxr edir. Azərbaycanın dövlət rəmzlərini təhqir edənlərə ar olsun. Milli mənafelər şəxsi mənafelərdən öndə dayanmalıdır”.

Soydaşlarımız yaşadıqları ölkədən asılı olmayaraq, bütün azərbaycanlıları birləşməyə, ölkəmizdəki dincliyi və sabitliyi qorumağa səsləyərək deyiblər: “Dövlətçilik maraqlarımız ətrafında sıx birləşək. Azərbaycan dövlətində sabitliyə və dincliyə xələl gətirməyə cəhd etməyin”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.