
Tehranda İnqilab Keşikçiləri Korpusunun aprelin 9-da Suriyada İsrailin raket zərbələri nəticəsində öldürülmüş 7 zabitinin dəfn mərasimi olub.
Azadpress.az Virtualaz.org-a istinadla xəbər verir ki, dəfn mərasimində İnqilab Keşikçilərinin komandanları, Ali dini lider ayətullah Xameneyi, rəsmilər iştirak ediblər. İnqilab Keşikçilərinin “Aşura” korpusunun komandanı general Abadin Xoran dəfn mərasimində bildirib: “Biz sionist rejimə söz veririk ki, T-4 aviabazasında və digər yerlərdə öldürülən yoldaşlarımızın qısasını alacağıq-qisas zamanı və yeri bizim seçimimizdədir. Biz “Böyük İsrail” barədə xəyalları puç etmişik, indi düşmən hər tərəfdən-Fələstindən, Suriyadan mühasirə altındadır və bizim qisasımızı gözləyərək qorxudan əsir”.
Xəbər verildiyi kimi İsrail qırıcıları Livan üzərindən Suriyanın Homs əyalətindəki T-4 aviabazasına raket zərbələri endirib. Bu raket zərbələri nəticəsində Suriya ordusunun hərbçiləri, o cümlədən İran pilotsuz təyyarələrinin Suriyadakı əməliyyatlarına rəhbərlik edən komanda heyəti-İnqilab Keşikçilərinin yüksək rütbəli zabitləri öldürülüb.Azadpress.az