top of page

“Bakı Bus” özbaşınalığı-Sürücülər BNA-ya məhəl qoymur


Bakı Bus MMC balansında olan marşrutların ön qapılarına texniki müdaxilə edərək yarı işlək vəziyyətə gətirir. Şirkət sərnişinlərin avtobusa daxil olması üçün nəzərdə tutulmuş ön qapının ancaq bir layının açılmasına icazə verir.

Artıq bir müddətdir ki, şirkətə məxsus avtobuslara daxil olmaq müşkülə çevrilib. Səbəb isə ön qapının ancaq bir layının açılmasıdır. Marşrutlarda qeydə alınan bu hal marşruta daxil olmaq istəyən sərnişinlərə problem yaradır, gecikməyə səbəb olur və haqlı narazılıq yaradır. Sürücülər bildirib ki, ön qapının ancaq bir layının açılması onların iradəsi daxilində deyil. Çünki ön qapının açılması üçün avtobusda bir düymə var ki, o da qapının hər iki layını açır. Marşrutların ön qapısının ancaq bir layının açılmasına səbəb şirkət tərəfindən qapılara texniki müdaxilə edilməsidir. Lakin bu müdaxilənin səbəbi hələlik məlum deyil.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Axar-a açıqlamasında bildirib ki, səbəb hər nə olursa olsun, bu yolverilməzdir və mütləq şəkildə səbəb araşdırılıb aradan qaldırılacaq: “Bununla bağlı Bakı Bus MMC-yə xəbərdarlıq ediləcək, mütləq. Yenə o fikri təkrarlamaq istəyirəm ki, sərnişinlərin avtobusa rahat minib-düşməsinə heç bir əngəl olmamalıdır. Əgər iddia edildiyi kimi, texniki nəsə problem varsa, zəhmət çəkib nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirsinlər. Bu gündən şirkətə tapşırıq veriləcək ki, tədbir görülsün və belə hal daha təkrarlanmasın”. Qeyd edək ki, problem bir müddət əvvəl başlamışdı və BNA rəsmi açıqlamasında olayın araşdırılacağını və mütləq tədbir görüləcəyini vəd etmişdi. Amma aradan xeyli müddət keçməsinə baxmayaraq, heç bir tədbir görülmür.Azadpress.az


bottom of page