“Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya riski yüksəlir”. Azadpress.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Perendjiyev Ermənistanda müxalifətin aksiyasını şərh edərkən deyib.
Onun fikrincə, Azərbaycan öz torpaqlarını qaytarmaq üçün həmişə zəif tərəfləri axtaracaq. “Bakı heç vaxt ermənilərin Qarabağ və ətrafındakı ərazilərə nəzarət etməsi ilə razılaşmayacaq. Xüsusilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətrafdakı rayonların müharibə yolu ilə azad edilməsi variantı həmişə Bakının masasında olub. Çünki Azərbaycan bu ərazilərdə istənilən hərbi əməliyyat aparmaq hüququnun olduğunu hesab edir. Təbii ki, sonrakı mərhələdə Qarabağın azad olunması gələcək. Azərbaycanın hərbi potensialı buna imkan verir”, - deyə o bildirib. Perendjiyev İrəvandakı qeyri-stabil vəziyyətdən Azərbaycanın istifadə edə biləcəyini iddia etsə də, Sarkisyan rejiminin ölkədə nəzarəti ələ almaq üçün artıq Qarabağda hərbi toqquşmalar hazırladığı ortadadır. Hesab etmək olar ki, İrəvan küçələrində “Məxməri inqilab”ın davam edəcəyi təqdirdə, erməni hərbi birləşmələri cəbhədə daha ciddi təxribatlara əl ataraq, eskalasiyanın yaranmasına çalışacaqlar. Bu isə yeni hərbi toqquşmaların yaşanmasını qaçılmaz edir. Sarkisyanın hədəfi “xarici düşmən” obrazı yaratmaq və diqqəti yayındıraraq, proseslərə nəzarəti ələ almaqdır.Publika.az