Gömrük Komitəsi və Vergilər Nazirliyi birgə çalışacaqlar


Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında bir sıra idxal-ixrac əməliyyatları üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun hesab edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər”.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.