Neftin qiyməti niyə yüksəlir?


Azadpress.az xəbər verir ki,Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki,hasilatın azalması neftin qiymətini yüksəldir.

“Baxmayaraq ki, ötən həftənin yekunlarına görə, ABŞ gündəlik neft hasilatını 10.54 mln barelə çatdıraraq 1970-ci ildəki 10.2 mln barellik rekordunu artıq bir neçə dəfə təzələməyə nail olub, neftin dünya bazarlarında qiymətinin azalması hələ də ötən ilin sonunda proqnozlaşdırıldığı kimi müşahidə edilmir. Bunun bir neçə səbəbi var: Birincisi budur ki, ABŞ Enerji Administrasiyasının həftəlik hesabatına görə, ölkənin neft ehtiyatları 1.07 mln barel azalıb, həmçinin neft məhsulları ehtiyatlarında da azalma qeydə alınıb - bu faktora birjalar çox həssas yanaşırlar. İkinci amil budur ki, geopolitik risklər hələ də səngiməyib və Yaxın Şərqdəki vəziyyət dumanlı olaraq qalır. Bundan əlavə, İrana qarşı Vaşinqtonun sərt davranışlarına dair daha çox informasiya gündəmə gəlir və İran dini liderinin xüsusi xidmət rəhbərləri ilə görüşündə ”İrana qarşı müharibə gedir" kimi fikir səsləndirməsi vəziyyətin daha da mürəkkəbliyini göstərib. May ayında ABŞ-ın İrana qarşı sanksiyaları gücləndirməsi gözlənilir. Eyni zamanda Ciddədə OPEC+ ölkələrinin görüşü keçirilir. Sonra isə Rusiya və Səudiyyə Ərəbistanının neft nazirləri görüşəcəklər. Orada 2019-cu ildə hasilatın dondurulması ilə bağlı yeni fikirlər və razılaşmalar səsləndirilə bilər ki, bunlara qarşı bazar çox həssasdır. Nəhayət, Venesuelada hasilat azalır ki, bu da bazara daha az neftin çıxması deməkdir"-,deyə ekspert bildirib.  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.