"Azərbaycana qarşı ciddi informasiya müharibəsi gedir"


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin, eləcə də Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin müsahibəsini təqdim edirik. -Asim bəy, sizi hər kəs siyasətçi kimi tanıyır. Əsl peşəniz isə həkim-nevroloqdur. Nəyə görə bu sahəni seçmişdiniz? -Əslində həkim olmaq mənim arzum idi. Seçdiyim sahə - nevrologiya isə olduqca maraqlı elmdir. Belə ki, analiz, təhlillər apararkən, əksər hallarda xəstəliyin səbəbinin əsasında nevroloji problemin durduğu məlum olur. İnsanın ruhu da, davranışı da, xasiyyəti də xəstəliklərlə yanaşı məhz beyni ilə bağlı olub. Mənim üçün insan beyni, davranışı çox maraqlıdır. Ona görə də mən elmi işimi insanın davranış psixo-fiziologiyası ilə bağlı seçmişəm. Nevroloq kimi Bakıda qısa müddət işlədikdən sonra Moskvada Seçenov adına nevroloji klinikada çalışdım. Bu klinikanın xüsusi özəlliyi vardı. Belə ki, bu, Avropanın ilk ixtisaslaşmış nevroloji klinikası idi. Avropanın ən böyük nevroloqları, Rusiya elminin baniləri bu klinikada çalışıblar. -Necə oldu ki, tibbdən siyasətə keçid etdiniz? -Mənim siyasətə gəlməyim Azərbaycana olan təcavüzlə bağlıdır. Belə ki, Azərbaycanın müstəqillik dövründə apardığı mübarizə və təbii olaraq Dağlıq Qarabağ məni siyasətə gətirən qüvvələr oldular. -Bir həkim və deputat kimi ölkədə tibb sahəsində islahatların aparılmasını labüd sayırsınızmı? -Azərbaycanda səhiyyə sahəsində çox böyük islahatlar aparmağa ehtiyac var. Qeyd edim ki, keçmiş SSRİ-də də tibb sahəsində müəyyən qüsurlar vardı. Lakin hazırda bizdə həm Sovet sistemi yox olub, həm də yeni müasir tibbi sığorta sistemi hələ müəyyənləşməyib. Tibb sahəsində Azərbaycanın problemləri təkcə sistemli xarakter daşımır, həkimlərimiz improvizasiya ilə məşğuldurlar. Əslində, hər bir ölkənin səhiyyəsi müəyyən protokollara əsaslanmalıdır. Məsələn, ABŞ-da həkim ancaq Amerika Tibb Assosiasiyasının protokolu çərçivəsində hərəkət edə bilər. Əgər xəstəyə ziyan dəyibsə və həkim bu zaman həmin protokol çərçivəsində hərəkət edibsə, Amerika Tibb Assosiasiyası onu müdafiə edəcək və bütün zəruri məhkəmə xərclərini öz üzərinə götürəcək. Lakin protokol pozulubsa, həkim hətta lisenziyasını da itirə bilər. Bu sahədə ancaq Nobel mükafatları laureatları səviyyəsində olan şəxslər improvizasiya, yaxud da yeni üsullardan istifadə etmək hüququna malik ola bilər. Digər şəxslər isə müvafiq çox sərt protokol çərçivəsində hərəkət eləməlidirlər. Azərbaycanda isə belə bir protokol olmadığına görə səhiyyə sistemində ciddi islahatlara ehtiyacımız var. Vurğulamaq istərdim ki, tək həkimlərimiz deyil, tibb bacıları da yüksək ixtisaslı kadrlar olmalıdır. Bir çox hallarda xəstələrə şəfa gətirən bilavasitə onlardır. Onların təhsil, hazırlıq məsələsi yüksək səviyyədə olmalıdır. Düşünürəm, bu istiqamətdə ciddi işləməliyik, dünyanın ən uğurlu təcrübəsini Azərbaycanda tətbiq etməliyik. Qeyd etdiklərimlə yanaşı, Azərbaycanda tibbi sığorta sistemi də təkmilləşdirilməlidir. Çünki müasir dövrdə təbabət çox bahalıdır. İstər hər hansı bir xəstəliyi aşkar etmək üçün aparılan müayinələr, istərsə də onun müalicəsi, dərmanlar, cərrahi əməliyyatlar baha başa gələ bilər. Vətəndaşın isə bu xərcləri ödəmək imkanı olmaya bilər. Belə olan təqdirdə tibbi sığorta köməyə gəlir. Dövlətin səhiyyəyə ayırdığı vəsaitin böyük bir qismi bu sığorta sisteminə verməlidir. Sığortanın müəyyən hissəsi iş yeri tərəfindən ödənməlidir. Daha yüksək səhiyyə xidməti istəyən vətəndaşlar isə xərclərin müəyyən hissəsini öz üzərinə götürə bilərlər. Qeyd edim ki, tibbi sığorta sistemi vətəndaşların sağlamlığını qorumaq üçün dünyada mövcud olan ən uğurlu sistemdir. Lakin Azərbaycanda indiyə qədər nə icbari sığorta, nə də hansısa digər sığorta növləri uğurla işləmir. -Bildiyimiz kimi, bəzi beynəlxalq qurumlar Azərbaycanda 11 aprel tarixində keçirilmiş prezident seçkilərindən öncə bir söz deyib, seçkilərdən sonra isə qərəzli hesabat hazırlamışdılar. Sizcə, bu cür “ikili standartlar”ın təsiri altında Azərbaycanın xarici siyasət istiqamətlərini dəyişməsi mümkündürmü? -Prezident seçkilərinə bəzi qurumların qiymətini Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirirəm. Əslində bu gün Azərbaycanla müharibə təkcə səngərlərdə getmir. Azərbaycana qarşı bütün dünyada çox ciddi informasiya müharibəsi gedir. Böhtan, iftira, zərbələrin əsas məqsədi Azərbaycana qara yaxaraq, “məzlum” ermənilərin belə bir dövlətin daxilində qalmasının qeyri-mümkün olduğunu nümayiş etdirməkdir. Bu dezinformasiya çox zəngin, yaxşı təşkil olunmuş erməni diasporu, onların müttəfiqləri, Ermənistanın arxasında duran sahibləri tərəfindən aparılır. Azərbaycan əslində son illərdə öz silahlı qüvvələrini möhkəmləndirə, müasirləşdirə bilib. Lakin informasiya müharibəsində biz qüvvələrimizi indiyə qədər səfərbər edə bilməmişik. Erməni diasporunun güclü olduğu bir sıra ölkələrdə Azərbaycana qarşı mərkəzlər yaradılıb və dövlətimizə qarşı çox ciddi mübarizə aparılır. Bunun üçün beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, dünya mediası istifadə olunur. Bəli, bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən qüsurlar var. Lakin tənqidin və zərbənin hədəfi yalnız Azərbaycandır. Bu onu göstərir ki, müharibə gedir və biz savaşda yeni siyasi, informasiya texnologiyalardan istifadə etməli, öz gücümüzü səfərbər edərək mübarizəni gücləndirməliyik. Əks halda Azərbaycan belə zərbələri tez-tez alacaq. Qeyd edim ki, bizim tarixi diasporumuz olmayıb, indi-indi yaranmaqdadır. Bu səbəbdən də istər Azərbaycan, istər Türkiyə diasporası hələ müəyyən qədər təşkilatlanıb mübarizə aparmağa hazır deyillər. Yalnız diasporamız deyil, səfirliklərimiz, Azərbaycan mediası da bu mübarizəyə hazır olmalıdır. Təəssüf ki, biz belə hazırlığı indiyə qədər nümayiş etdirə bilməmişik. - Sizcə, uğurlu xarici siyasətin modeli nədir? -Azərbaycanda kifayət qədər uğurlu xarici siyasət aparılır. Belə ki, prezidentimizin müəyyənləşdirdiyi xarici siyasətin strategiyası tərəfdaşlıq üzərində qurulub. Azərbaycan digər ölkələrlə tərəfdaşlığı ümumi məqamlar, maraqlar üzərində qurmaq istəyir. Bu səbəbdən də Azərbaycanın öz müstəqilliyini qoruması üçün müəyyənləşdirdiyi xarici siyasət strategiyası düzgündür. Lakin onun icrası ilə bağlı biz çox ciddi problemlərlə üzləşirik. Nigar Orucova Insider