Azadpress.az xəbər verir ki, iki ölkə arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb.
Çin Xalq Respublikasının Milli Müdafiə Nazirliyində Azərbaycanın Müdafiə nazirinin rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin müdafiə nazirlərinin görüşü olub.
Çinin Milli Müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib. V.Fenxe ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Çin arasında dostluq münasibətləri dərin köklərə malikdir. Bu münasibətlər ölkələrimiz arasında müasir əlaqələrin əsasını təşkil edir. Çin ilə hərtərəfli əməkdaşlıq isə ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb.Azadpress.az