
Səhiyyə Nazirliyi 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib. Azadpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, məsələ ilə bağlı araşdırma aparılıb. "Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb", - deyə S. Əhmədova qeyd edib.
Qeyd edək ki,bir neçə gün öncə müğənni Rəqsanənin qızı Aysun Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində çəkilən görüntüləri öz "İnstagram" səhifəsində belə bir şərhlə yayıb:
"Bu mənzərə ilə artıq neçənci dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıq, geyim, şirniyyat, yeməklər, ətlər, bir sözlə hər şey gəlir. Kimə gəlir⁉️ Ordakı körpə uşaqlara‼️ Amma o uşaqlar onların 10% görür. Niyə⁉️ Çünki 1 gün sonra o bazarlıq maşınlara doldurulur ve harasa gedir. Sadece məni bir vətəndaş olaraq çox maraqlıdır o bazarlıqları siz hara aparırsınız⁉️ (Düşünürəm ki, cavabaı hər kəs bilir. Amma biz yenə də soruşaq görək hara gedir?)"