Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov yeni Kənd Təsərrüfatı naziri İnam Kərimovun bölgələrdə fermerlərlə görüşünü təqdir edib.
“İnanıram ki, İnam Kərimov da bu sistemi götürüb, müvafiq işlər görəcək, kəndlərdə fermerlərlə, kəndlilərlə görüşüb, onların vəziyyətilə tanış olacaq. Yəni, hər bir fermer kənd təsərrüfatı nazirini tanımalıdır. Nazir isə kəndlilərin, fermerlərin ehtiyaclarını bilməlidir, onların içərisində olmalıdır ki, bu sahədə ciddi irəliləyişlər əldə olunsun. Yoxsa, kabinetdə oturub kimlərinsə informasiyası ilə işləmək ciddi effekt verməyəcək. Bu cür işləmək mövcud reallığa da uyğun gəlmir. Mən uzun illər kənd təsərrüfatı sahəsində işləyən adam və Milli Məclisin Aqrar siyasət komitəsinin sədri kimi İnam Kərimovun bu cür addımlarını təqdir edirəm. İlkin olaraq müşahidələrim də onu deməyə əsas verir ki, İnam Kərimov fermerlərlə yaxından işləmək və bu sahəni dərindən öyrənmək prinsiplərini özünə yol seçib. Bu da çox doğru seçimdir. Ona görə də mən inanıram ki, İnam müəllim “ASAN Xidmət”də olduğu kimi, kənd təsərrüfatı sahəsində də böyük irəliləyişlərə nail olacaq”-,deyə,millət vəkili bildirib.