Müğənni Aygün Bəylərin qardaşı əmisi oğlunu boğaraq öldürüb


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Cavid Alxazov, Ramil Əsirov və Elnur Əsirovun CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Azadpress.az xəbər verir ki, 2016-cı il avqustun 29-da Daxili İşlər Nazirliyi (DIN) məlümat yayıb ki, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Cavid Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə öldürülüb. Sonra həmin şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti basdırıblar və üstünü betonla örtüblər. İstintaq-əməmliyyat qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq ekspertizaya təqdim edilib. İşin mürrəkəbliyi nəzərə alındığı üçün cinayət işinin istintaqı Bakı şəhər prokurorluğu tərəfindən davam etdirilib.

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşıdır, mərhum isə əmisi nəvəsi olub.

İstintaqla müəyyən edilib ki, qrup üzvləri 2013-cü ilin fevral-mart aylarında Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsində narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər. Təxminən 2 aydan sonra onlar Elnur Hümmətovun bu barədə polisə məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son vaxtlar onlardan kənar gəzən Elnuru axtarıb, tapıblar və evə gətirərək, orada saxlayıblar. Ertəsi gün Hümmətovun qaçmağa cəhd etdiyini görən şəxslər onu boğaraq, qəsdən öldürüblər və sonra quyu qazaraq, meyitini orada basdırıblar. Həmin ilin iyul-avqust aylarında təqsirləndirilən şəxslər bəcərib, əldə etdikləri 40 kiloqram marixuananı 15000 manata satıblar.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.