top of page

Heydər Əliyev Beynəlxalq Aeroportu 5 ulduzlu reytinqə layiq görülüb


Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal “5 Ulduz” statusuna layiq görülüb.

Azadpress.az xəbər verir ki, Bakı hava limanının girişində yerləşən və onun 5 ulduz statusunu simvolizə edən stelan quraşıdılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı bütün dünya üzrə bu ən yüksək statusa cəmi 8 aeroport layiq görülüb.

“Bizim hər bir növbəti qələbəmiz ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiya sahəsinə, eləcə də bütün kollektivin gərgin əməyinə böyük diqqət və qayğısının göstəricisidir. “Skytrax” kimi nüfuzlu audit şirkəti tərəfindən ən yüksək qiymətləndirməyə layiq görülmək həm Azərbaycanın mülki aviasiyası, həm də ümumiyyətlə ölkə üçün çox böyük nailiyyətdir. “5 ulduz” reytinqi son illərdə ölkəmizdə bu sahənin inkişafı üzrə görülən böyük işlərin bariz nümunəsidir", - deyə “Azərbaycan Hava Yolları”nın Prezidenti Cahangir Əsgərov bildirib.

“Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən aeroportların qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax" həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirib.


bottom of page