top of page

Vergilər nazirliyi saxta araq-siqaret anbarını aşkarlayıb


Vergilər Nazirliyi pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Məlumat verildiyi kimi, bu yaxınlarda paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində vergi nəzarəti tədbirləri keçirilmiş və bu zaman qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması faktları aşkar edilmişdi.

Nazirlikdən Azadpress.az-a verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində ticarət şəbəkələrini saxta məhsullarla təchiz edən əsas saxlanc anbarlarından birinin yeri müəyyən edilib. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən B.Hüseynova məxsus fərdi yaşayış evində 40.672 qutu aksiz markasız tütün məmulatları aşkar olunaraq götürülüb.

Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində, eləcə də Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıt şəhərində aparılan müşahidələr zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların satışının həyata keçirilməsi halları müəyyən edilib. Müşahidələr əsasında yeri müəyyən edilmiş 29 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Həmin obyektlərdən 18.500-dən yuxarı aksiz markası olmayan tütün məmulatları aşkar edilərək götürülüb.