ABŞ səfirliyi Qüdsdə -Baxışlar və reallıqlar


ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxatı kimi tanımasından bir il keçir.

Azadpress.az məsələyə Azərbaycan siyasilərinin mövqeyini dərc etmişdi.Həmin yazını olduğu kimi yenidən təqdim edirik.

Bu gün Qüdsdə ABŞ səfirliyinin rəsmi açılış mərasimi baş tutdu.

Hələ bir neçə il əvvəl İsrailin Qüdsü öz paytaxtı kimi tanıtması səylərinin nəticə verəcəyi sual altında idi. İsrailin müttəfiqi ABŞ belə illərdir verdiyi qərarı yerinə yetirmirdi,hər il bu qərarın icrası təxirə salınırdı.Bu gün İsrail öz arzusuna çatdı,Qüds-Yerusəlim ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanındı.

Bu qərarla İsraili böyük edən Donald Tramp açılış törəninə gəlmədi. Lakin qeyri-rəsmi sözçüsü olan qızı İvanka Tramp və kürəkəni Cared Kuşner bu tədbirdə rəsmi tərəf kimi ən yüksək səviyyədə qəbul olundular. ABŞ nümayəndələri ilə yanaşı Qüds törəninə Macarıstan və Çexiya kimi Şərqi Avropa ölkələrinin də rəsmiləri qatıldı.

Ötən ilin sonunda ABŞ prezidenti Donald Trampın ABŞ səfirliyini Qüdsə köçürməsi qərarı dünyada birmənalı qarşılanmadı.Bu qərara dəstək verənlərlə yanaşı əleyhinə çıxanlar da oldu.Bu qərar ilk olaraq İslam ölkələri və Avropa İttifaqı ölkələri tərəfindən qətiyyətlə pislənildi. Xüsusən də bu qərar Qüdsün İsrailin paytaxtı elan edilməsi qərarı kimi təfsil olundu.Halbuki Donald Tramp sadəcə illərdir ləngiyən qərara veto qoymadı, bu hərəkəti ilə İsrail dövlətinə dəstək olduğunu nümayiş etdirdi.

Lakin ABŞ prezidentinin birtərəfli qaydada uzun müddət sürən konfliktin bir tərəfinə açıq-aşkar simpatiyası ədalətsizlik kimi qiymətləndirilir. İrad tutulur ki,dünyanın super gücü olan ABŞ burada neytrallıq nümayiş etdirməli və ya ən azından konfliktin həllinə nail olmalıdır.

Bu qərar BMT Təhlükəsizlik Şurasının iclasında Misirin təqdim etdiyi qanun layihəsi müzakirəyə çıxarıldı.Müzakirələr yekunlaşdıqdan sonra Trampın bu qərarının ləğvi üçün Şuraya üzv ölkələrin səsvermə prosesi başladı. ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heyli Misirin təqdim etdiyi qanun layihəsinin əleyhinə səs verdi.Lakin bu, səsvermədə həlledici olmadı. Cəmi 9 ölkə ABŞ-ın bu qərarını dəstəklədi.Amerikanın müttəfiqləri sayılan İngiltərə, Fransa, İtaliya, Yaponiya və Ukrayna qanun layihəsinin lehinə səs verdi.

Qüds məsələsi ilə bağlı İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Zirvə toplantısı keçirildi.Toplantıda Şərqi Qüds Fələstinin paytaxtı elan olundu. Azərbaycan Prezidenti İlham Əliyev də Zirvə toplantısında çıxış edərək bu məsələdə Azərbaycanın mövqeyini açıqlayıb.İlham Əliyev Fələstin-İsrail münaqişəsinin ədalətli, sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırıb. Qeyd etmək lazımdır ki,Azərbaycan münaqişələrin hüquq normaları çərçivəsində həllinə tərəfdardır.Bu problemli məsələdə İlham Əliyevin tutduğu mövqe həm islam həmrəyliyi,həm də beynəlxalq hüquq normaları baxımdan qəbul ediləndir.

Azərbaycanın bir sıra millət vəkilləri və politoloqlarının Qüds məsələsi ilə bağlı mövqeyi rəsmi Bakının mövqeyini ifadə etməsə də müəyyən dərəcədə bu mövqe ilə bağlı bir təsəvvürün yaranmasına imkan verir. 2017-ci ilin siyasi xülasəsinə nəzər saldıqda ABŞ prezidenti Donald Trampın Qüds məsələsindəki mövqeyi birmənalı qarşılanmadı.

Sizin “bu qərara münasibətiniz necədir? “sualına Milli Məclisə deputatlığa namizəd olmuş Mürsəl Eldaroğlunun cavabı belə olub:“Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın Qüds məsələsi ilə qərarını tarixi ədalətin bərpası kimi qiymətləndirirəm. Qüds əsas monoteist dinlərin tarixi dini abidələrinin mövcud olduğu və həmin abidələrin bu günə qədər qorunub saxlanıldığı şəhərdir. Bu faktı nəzərə alaraq, mənim fikrimcə Qüds şəhərində dövlət başçılarının və dini rəhbərlərin iştirakı ilə əsas monoteist dinlərin beynəlxalq həmrəylik konfransının keçirilməsi və konfransın keçirilməsi tarixini dünyada rəsmi olaraq əsas Monoteist Dinlərin Həmrəylik günü kimi qeyd olunması dinlər arası dialoqun inkişafına öz töhfəsini vermiş olar”

“Müasir dövrdə dünyada tolerantlığa böyük ehtiyac var. Bir fakti da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili siyasət nəticəsində Azərbaycan tolerantlıq baxımdan nümunəvi dövlətdir”,-deyə,Mürsəl Eldaroğlu vurğulayıb.

Millət vəkili Asim Mollazadə məsələ ilə bağlı mövqeyini belə ifadə edib:“Azərbaycanın qərarı birmənalı olaraq BMT-nin təməl sənədlərinə əsaslanır. Azərbaycan bu cür məsələlərdə münaqişələrin həllində maraqlıdır. Azərbaycan özü də BMT qərarlarına hörmətsizliyin qurbanıdır”.

Azərbaycanın bütün qərarları beynəlxalq hüquq normalarına əsaslandığına görə, Qüds məsələsi heç vaxt Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək: “Azərbaycanın mövqeyi təmkinlidir və beynəlxalq hüquq normalarına əsaslanır”.

"Qüds məsələsinin nə ilə yekunlaşacağını demək bir qədər çətindir. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini ora köçürməklə bağlı qərarı qəliz məsələni bir qədər də çətinləşdirib".

Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Trampın qərarından az sonra bildirmişdi.O deyib ki,Qüds çox millətli şəhərdir, tarixən orada ərəblər və yəhudilər yaşayıb. Bu ənənə hazırda da davam edir: "Dünya bu məsələnin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır. Qüdsü birmənalı şəkildə nə İsrail, nə də Fələstinin şəhəri hesab etmək olmaz. bizim bu məsələdə mövqeyimiz ondan ibarətdir ki, Şərqi Qüds Fələstinin paytaxtıdır",-deyə,millət vəkili deyib.

Politoloq Qabil Hüseynli Qüds məsələsində Azərbaycanın Türkiyənin,yoxsa İsrailin yanında olmalıdır fikrinə belə cavab verib:“Azərbaycan müstəqil dövlətdir İsrail və Türkiyə ilə normal münasibətləri var. Bildiyimiz kimi Türkiyə-İsrail münasibətlərində dalğalanma həmişə olub və indi də ola bilər. Onu da qeyd edim ki, Türkiyə-İsrail münasibətlərində dalğalanmağa baxmayaraq hesab etmirəm ki, iki ölkə arasında olan diplomatik münasibətlər kəsiləcək. Hər halda Azərbaycan Qüds ətrafında baş verən məsələyə görə Türkiyə kimi radikal mövqe sərgiləməyib".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov məsələyə beynəlxalq hüquqi münasibət bildirərkən deyib ki,1967-ci ildə 6 günlük müharibənin gedişatında İsrail Şərqi Qüdsü də işğal edib və 1967-ci ildə Şərqi və Qərbi Qüds İsrail tərəfindən ələ keçirilib:

"Bununla bağlı indiyədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün sənədlərdə heç bir halda bütün Qüds İsrail ərazisi hesab edilmir. Yəni burada Şərqi Qüds məsələsi var".

Politoloq, millət vəkili Rasim Musabəyov Qüds məsələsində mövqeyini belə açıqlayıb:“Biz mövqeyimizi İstanbulda bilavasitə səsləndirdik. Azərbaycan qəbul olunan qətnaməyə dəstək verdi. Amma, Azərbaycan İsraillə nə diplomatik əlaqələri kəsəcək, nə də ABŞ-la çəkişməyə qoşulacaq. Bu ölkələrlə münasibətlərimiz normaldır və gələcəkdə də inkişaf edəcək”.

Millət vəkili əlavə edib: “İsrail nə edib ki? İsrail xeyli əvvəl hökumətini və parlamenti Qüdsdə yerləşdirib. Qüdsü isə öz paytaxtı kimi çoxdan elan edib. İndi dəyişilən odur ki, ABŞ bu qərara qoşulub.Azərbaycanın İsraillə münasibətləri inkişaf edir”.

Qeyd etmək lazımdır ki,Azərbaycan- İsrail münasibətləri Qüds problemi üzərində qurulmayıb.Azərbaycanın İsraillə dərin dostluq münasibətləri var.İki dövlət bir çox məsələlərdə eyni mövqedən çıxış edib.

Tarixə yenidən nəzər salsaq,1995-ci il noyabrın 8-də ABŞ Konqresinin hər iki palatası Qüdsün İsrailin paytaxtı elan edilməsi ilə bağlı qərar qəbul edib.Lakin ötən illərdə ABŞ-ın heç bir prezidenti bu addımı atmayıb və sənəd reallaşmayıb.Həmin qanuna edilən əlavəyə görə ABŞ prezidenti hər il 6 ay müddətinə qanunun fəaliyyətini dayandıra bilər. 22 ildir ki, ABŞ prezidentləri hər dəfə bunu 6 ay müddətinə uzadıblar və beləcə bu qanun reallaşa bilməyib. Lakin belə bir addımı yalnız indiki ABŞ prezidenti Donald Tramp atıb.Faktiki olaraq Tramp ABŞ-ın İsrailə verdiyi dəstəyi sözdən əmələ çevirib.

Baxışlar müxtəlif olsa da reallıq başqadır.1995-ci ildə Demokratların verdiyi qərarı bu gün Respublikaçılar həyata keçirdi.Lakin bundan sonra Yaxın Şərqdə vəziyyətin hansı məcrada inkişaf edəcəyini proqnozlaşdırmaq daha da çətinləşir. Azərbaycan İsrailin yaxın dostu kimi bölgədə sülh və əminamanlığın bərqərar olmasını arzulayır.

İstənilən halda əminliklə demək olar ki,Azərbaycan bir dövlət olaraq etibarlı tərəfdaş kimi bizə zərər verməyən regiondakı bütün ölkələrlə mehriban münasibətlərini qoruyub saxlayacaq və inkişaf etdirəcək.

Eldəniz Cəfərov

Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.