
Azadpress.az xəbər verir ki, Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.
Cəsədlər artıq Quba rayonu Xınalıq kəndi ərazisinə gətirilib. Onları buradan helikopter Bakıya aparacaq.
Yanvar ayında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirmişdi ki,axtarışlar fasiləsiz aparılır:
"Bir neçə istiqamətdə axtarışlar davam etdirilir. Hazırda bizim axtarış qrupumuz Qəbələ rayonu ərazisində axtarışlara başlayıb. Axtarışlar bir neçə qrup tərəfindən aparılır. İnanırıq ki, alpinistlərimizi sağ-salamat tapacağıq. Bir neçə gün əvvəl izlər aşkarlamışdıq. Lakin həmin izlərin bizim alpinistlərə məxsus olub-olmadığını hələ dəqiq deyə bilmərik".
Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.Azadpress.az, Apa ,Trend.