top of page

"Sarı gəlin"i ermənicə oxuyanın anasını söyürlər-VİDEO


Türkiyəli müğənni Aydilgenin Kral TV-də canlı konserti zamanı "Sarı gəlin" mahnısının bir hissəsini erməni dilində ifa etməsi Azərbaycanda birmənalı qarşılanmayıb.

Azadpress.az xəbər verir ki,açıqlama verən sənətçi bildirib ki, o qonaq olduğu proqramda "Sarı gəlin"i erməni mahnısı kimi təqdim etməyib:

"İki-üç gündür azərbaycanlı qardaşlarımızın anlamadığım şəkildə münasibət göstərdiklərinə görə üzülürəm. Hesab edirəm ki, yalnış anlaşılma olub, ya da kim isə yalnış məlumat verib. Onlar da səhv məlumat üzərindən hərəkət edirlər. Çünki haqsız yerə anama, atama və mənə qarşı söyüş söyürlər.

Qonaq olduğum proqramların birində musiqinin insanları birləşdirdiyindən danışdıq. Biz Türkiyədə hər zaman bunu edirik: yunan mahnılarını türklər, türk mahnılarını yunanlar oxuyur. Önəmli olan bu qardaşlığı musiqini birlikdə dilə gətirməkdir. Məqsəd bu idi. Sevgidən barışdan danışdıq".

Müğənni qeyd edib ki, "Sarı gəlin"in kökləri Azərbaycana dayanan qədim xalq mahnısıdır.

"Proqramda "Sarı gəlin"ə ermənilər də sahib çıxır dedim. Amma mən "ermənilərin türküsüdür" demədim. Sadəcə onların da mahnıya sahib çıxdığını dilə gətirdim. "Sarı gəlin"in kök olaraq azərbaycanlıların olduğunu bilirik. Sonra da "kaş bütün dünya musiqi kimi barış içində olsa" deyə bir dilək tutduq. Ermənilərin necə oxuduğuna maraq duyanlar üçün isə qısa ermənicə oxudum. Amma zatən qalan hissəsini Türkçə oxudum.

Mən Azərbaycan türkcəsində yaxşı oxuya bilmərəm, komik vəziyyətə düşərəm deyə "Sarı gəlin"i Azərbaycan dilində oxumadım. Bilirsiniz ki, sizin ləhcəniz bizim ləhcədən fərqlidir. "Erməni dilində oxuya bilmir" desələr mənim üçün önəmli deyil, amma azərbaycanlı qardaşlarımız desə ki, Azərbaycan dilində pis oxuyur, o zaman üzülərəm. Azərbaycan türkləri ilə eyni soydan gəldiyiməz görə simvolik olaraq Türk dilində oxudum. Azərbacan türkcəsi də türk dilidir.

Proqramda ""Sarı gəlin" ermənilərin türküsüdür" "Azərbaycanlıların türküsü deyil" demədim. "Sarı gəlini" erməni dilində oxumadım. Sadəcə mahnının əvvəlində çox qısa erməni dilində oxudum . Ümumiyyətlə mahnının digər hissəsini erməni dilində bilmirəm. Mənə "Ermənisən?" deyirlər. Yox, erməni də deyiləm".

Aydilge Azərbaycan mədəniyyətinə, musiqisinə heyran olduğunu da deyib və yalnış anlaşılma olduğuna görə Azərbaycan xalqından üzr istəyib:

"Azərbaycan musiqisinin inanılmaz dərəcədə heyranıyam. Evdə tez-tez Sevda Ələkbərzadə dinləyirik. Həmişə bunu deyirəm: Azərbaycan musiqisi Türkiyə musqisindən irəlidədir. Hətta həyat yoldaşımın albomunun adı "Azərbaycan sevgi mahnıları"dır. Hər yerdə Azərbaycan musiqisini dilə gətirirəm, keyfiyyətli mahnılar yaradırlar, gözəl səsləri var deyirəm. Bu hadisə isə məni çox üzür. Bunu Azərbaycanlılara qarşı edilən zülmə səssiz qalmaq, ya da onu görməzdən gəlmək kimi bir şey deyil. Mən orda nə erməniləri ucaltdım, nə də" ermənilərin mahnısıdır"dedim. Çox üzülürəm. Mən niyə azərbaycanlı qardaşlarımızın qəlbini qırım ki, niyə belə bir şey oldu, anlaya bilmirəm. Əgər qəlblərini qırmışamsa, xətirlərinə dəyəcək hərəkət etmişəmsə, üzr istəyirəm . Heç kimi incitmək istəməmişəm".Femida.az


bottom of page