
Azadpress.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə çıxışı zamanı belə deyib.
İlham Əliyev deyib ki,Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır: "Biz bu məsələ ilə bağlı bundan sonra da prinsipial siyasət aparacağıq. Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq. Bu gün dünyada güc amili ön plana çıxır. Biz bunu demək olar ki, hər gün görürük. Əlbəttə, biz bu istiqamətdə öz addımlarımızı atmışıq və atacağıq. Son illər ərzində ordu quruculuğuna ayırdığımız diqqət və qoyduğumuz vəsait bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolu davam etdirəcəyik."