top of page

Nəriman Qasımoğlu:"Müstəqillik sözünə necə rəğbət bəsləməyəsən!?"


... “Qafqaz üçlüyü” filminə baxdım… Lap başlanğıcdan ekranda yanlış bir ifadə yerləşdirilir: “1988-ci ildə ərazi baxımdan Azərbaycanda yerləşən Dağlıq Qarabağ vilayəti müstəqilliyini elan etdi”. Bunu qətiyyən səhlənkarlıq kimi qəbul etmək olmaz, təbii. 30 il əvvəl başlanmış konfliktə aid əhvalatların ayrıntılarını yaşlı və orta nəsildən bilməyən yoxdur: 1988-ci ildə baş vermiş o məşum hadisə bundan ibarət idi ki, Dağlıq Qarabağ vilayəti müstəqilliyini elan etməmişdi, Dağlıq Qarabağın vilayət soveti Ermənistana birləşmək haqda qərar çıxarmışdı. Filmin başlanğıcındakı həmin saxtakarlığın təyinatı da budur ki, məlum hadisələrin təsirilə adi insanların həyatında baş verən faciəvi gəlişmələrin kökündə dayanan əsl səbəb – məhz Ermənistanın Azərbaycana ərazi iddiaları pərdələnsin. Və hadisələri yaşamayan neytral seyrçidə ermənilərə rəğbət doğursun. “Müstəqillik” sözünə, amalına necə rəğbət bəsləməyəsən!? Filmdə ermənilərə bu sətiraltı rəğbəti azərbaycanlıların onlara guya patoloji nifrəti bir az da gücləndirir. Və süjet xəttində vəhşiliklə müşayiət olunan bu nifrətin səbəbini yenə də o təəssürat yaratmır ki, bu, ümumilikdə Ermənistanın ölkəmizə ərazi iddiaları ilə, ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərlə şərtlənir. “20 faiz torpaq işğalı” ifadəsi çox ötəri səslənir. Quyudakı erməninin başına daş salan azərbaycanlı uşaq ermənilərə öz nifrətini sadəcə olaraq vaxtilə bir erməni terrorçusunun Bakı metrosunda partlayış törətməsilə və bu partlayışda əmisinin həlak olması ilə əsaslandırır. Timur – atalığı azərbaycanlı, bioloji atası erməni olan gənc aktryorun qaynı Zaur qəzəblə deyəndə ki, bioloji atasına qovuşmaq üçün Moskvaya getməyə hazırlaşan Timur “erməni ola bilməz”, “onu öldürmək lazım idi”, bu da neytral seyrçidə, əlbəttə, erməniyə guya sadəcə etnik mənsubiyyətinə görə nifrətin əsl siyasi kökü barədə nəinki təəssürat yaratmır, əksinə, məsələ açıq qalır. Bu məqamda neytral, hadisələrin mahiyyətindən bixəbər seyrçidə azərbaycanlıya qəzəb yaranmaya bilməz. Təbiidir, filmin başlanğıcındakı saxta ifadəyə görə “müstəqilliyə” can atan erməniyə necə nifrət etmək olar, nifrəti gərək bu “müstəqilliyi” əngəlləyənə edəsən. Filmdə azərbaycanlıları eybəcər xislətdə göstərməyi amaclayan süjetdə bizimkilər gürcünü erməni bilib döyürlər, onun da ürəyi dözmür, ölür. Bu qurban Qafqazlılara Bakıda beynəlmiləlçilik dərsi keçmiş müəllimdir. Qafqazda beynəlmiləlçilik dərsini tarixən kimin kimə keçmək haqqının olduğunu isə, bilənlər yaxşı bilir. Filmdə erməni həkim obrazının xislətində mənfiliklərə də aid bəzi məqamlar yer alır, xüsusən onun mənəvi baxımdan oğlunun atalığından aşağı olması açıq görünür. Amma onun qocaqlığı (erməni familiyası altında risk edib Bakıya gəlməsi, özünü Bakıda iddialı aparması və s.) da qabarıqdır. Verilən ismarış isə bundan ibarətdir: ümumən təbiətən mədəniyyətsiz azərbaycanlılarla zahirən mədəniyyətli, amma öz mənafeyini xudpəsənliklə hər şeydən üstün tutan ermənilər arasında münasibətləri yalnız Moskva tənzimləyə bilər. Və bu yerdə müəllifin qurduğu süjetin daha çox Rusiya paytaxtına təzim jesti ilə şərtləndiyindən də rahatca danışmaq olur. Rejissor qadının Timura dediyi “taleyin Moskvada həll olunur”, erməni həkimin Moskvaya səfər öncəsi oğlunun atalığı azərbaycanlıya dediyi “müalicən Moskvadadır” ifadələrinin siyasi məzmunu xeyli qabarıqdır. Azərbaycanlı Fərhadın oğlu da Moskvadadır. Yəni əsl xoşbəxtliyi məhz o şəhərə sığınmaqla tapmaq olar. ... Filmin başlanğıcında göstərilən xəritə rəmzi olaraq Azərbaycan əleyhinə yönəlib. Xəritədə Dağlıq Qarabağdan kənarda qalmış işğaldakı ərazilərimiz sahibsiz – adsız ərazilər kimi təsvir edilir. “Dağlıq Qarabağ”ın ərazisi isə müstəqil dövlətin ərazisi kimi xəritələnir – yuxarıda qeyd etdiyim saxta ifadənin məzmununa uyğun olaraq. Azərbaycanın nəzarətində olan ərazilərimiz boz, Ermənistan bütövlükdə tünd yaşıl, əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın ərazisi bir qədər açıq yaşıl rəngdə, Dağlıq Qarabağdan kənarda qalmış işğaldakı ərazilərimiz isə bozla yaşılın qarışığında təqdim edilir. Rənglərin təsnifatında ümumilikdə bu var ki, yaşıl adətən həyat, sağlamlıq rəmzi, boz isə hirs, lovğalıq rəmzi kimi səciyyələnir...

Nəriman Qasınoğlu


bottom of page