top of page

Göyçay üzərindəki körpüyə alternativ yol salınacaq


Göyçay çayında müvəqqəti alternativ yolun inşası üçün hazırlıqlara başlanılıb.

Azadpress.az xəbər verir ki,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən belə məlumat yayıb

Məlumata görə, yolun salınmasına sel sularının səviyyəsi aşağı düşən kimi başlanılacaq. Müvəqqəti yol mövcud körpüdən təqribən 200 metr aralıda salınacaq.

Ötən gündən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadaları və ağır texnikaları əraziyə cəlb olunub. Hazırda ərazidə çaya qədər olan yolun avtoqreyderlə düzləşdirilməsi və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün axın istiqamətinin dəyişdirilməsi tədbirləri görülür.

Növbəti mərhələdə çay məcrasına dəmir-beton borular qoyularaq üzərində müvəqqəti yol salınacaq və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq. Sel sularının kəsildiyi andan bu işlərin bir həftə ərzində tam olaraq yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər.

Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.

Müvəqqəti yolun salınması ilə paralel olaraq yaxın müddət ərzində mövcud körpünün bərpasına da başlanılacaq. Bunun üçün körpünün yuxarı hissəsində sol tərəfindəki çaysahili torpaq qatının selin təsiri nəticəsində dağılmasının qarşısının alınması üçün suistiqamətləndirici beton bəndin tikilməsinə başlanılır. Artıq bunun üçün ərazidə hazırlıq və mobilizasiya işləri aparılır.


bottom of page