“Nəzarətsiz hazırlıq kurslarında təhsilimizi məhv edirlər”


“Təəssüf ki, hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarında istifadə olunan test tapşırıqları şagirdlərin yaş həddinə, psixoloji durumuna, bilik və bacarıqlarına uyğun deyil”

Son zamanlar qəbul imtahanlarında uğur qazana bilməyən abituriyentlərin intihara cəhd etməsi cəmiyyətdə müzakirələrə səbəb olub. İnsanların bir çoxu buna səbəb kimi valideynləri günahlandırırlar. Doğrudanmı günah uşaqlarını hazırlıq kurslarına qoyaraq onlara hər kifayət qədər xərc çəkən valideynlərdədir?

Azadpress.az xəbər verir ki,moderator.az -ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədov buna görə günahın valideynlərdə yox, hazırlıq kurslarında olduğunu bildirdi:

“Bu gün Azərbaycanda orta məktəb proqramının çətinləşməsi, qəbul imtahanlarının ağır formatda təşkili valideynləri kütləvi şəkildə və demək olar ki, məcburi olaraq övladlarını repititor yanına göndərməyə yönəldir. Təəssüfləndirici hal ondan ibarətdir ki, artıq təkcə valideynlər 10 və 11 sinifdə oxuyan şagirdləri yox, eyni zamanda 1 , 2 , 3 cü sinif şagirdlərini də hazrlıq kurslarına, repititor yanına göndərirlər. Əlbəttə ki, valideynlər çalışır ki, övladları yaxşı təhsil alsın. Halbuki, onlar bu təhsili heç bir vəsait ödəmədən orta məktəblərdə almalıdır. Məktəb yaşları şagirdin uşaqlıq illəridir. O cəmiyyətə bu dövrdə əldə etdiyi psixoloji durumla daxil olur, nəinki əldə etdiyi biliklərlə. Bilik daimi deyil, amma şagirdlərin uşaq yaşlarında ağır təhsil yükü ilə bağlı aldığı psixoloji travma daimidir. Son vaxtlar təzə bir dəb halını almış xoşagəlməz tendensiya başlayıb. Hazırlıq kursları ancaq kommersiya məqsədləri üçün azyaşlı uşaqlar üçün sınaq imtahanı keçirir. İmtahanın keçirilməsinin bir neçə vacib nüansı var: siz bu İmtahanı hansı məqsəd üçün keçirirsiniz, harda keçirirsiz və hansı nəticəni gözləyirsiz. Təəssüf ki, hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarında istifadə olunan test tapşırıqları şagirdlərin yaş həddinə, psixoloji durumuna, bilik və bacarıqlarına uyğun deyil. Belə ki, test tapşırığı tərtib edən şəxlərin heç birinin orta məktəb təcrübəsi yoxdur. Onlar müxtəlif resurslardan istifadə edərək əldə etdiyi testləri azyaşlı uşaqların önünə təqdim edirlər. Bu zaman az bal toplayan şagird həm psixoloji cəhətdən narahat olur, həm də valideynlər övladlarına fiziki və digər təziqlər edirlər. Hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarının heç biri təhsilin inkişafına, şagirdlərin bilik və bacarıqlarının artırılmasına xidmət etmir. Bu çətin təşkil olunmuş sınaq imtahanlarının yalnız kommersiya məqsədləri var”.

Ekspert qeyd etdi ki, belə hazırlıq kurslarına nəzarət olmalıdır:

“İmtahanda iştirak edən şəxslərin şəxsi məlumatlarını götürən hazırlıq kurslarının əməkdaşları sonra bütün valideynlərə zəng edib, əlaqə saxlayıb onların övladlarını öz kurslarına cəlb etmək istəyirlər. Vəd edirlər ki, onların övladlarının nəticəsi artacaq. Kursa cəlb olunmuş şagirdləri bir müddət sonra asan test tapşırığı ilə yenidən imtahan edirlər və şagirdlər yüksək nəticə əldə edir. Bunu ardınca həmən o saxta yolla əldə edilmiş yüksək nəticəni valideynlərə göstərib məhz onların fəaliyyəti nəticəsində nəticənin əldə olunduğunu deyirlər. Dünyanın inkişaf etmiş ölkələrində şagirdlər IX sinifə qədər heç bir imtahana cəlb olunmur. Lakin ölkəmizdə təəssüf ki, hər ay ərzində Azərbaycanda şagirdlər bu və ya digər formada imtahana cəlb olunurlar. Bu heç də yaxşı hal deyil. Azyaşlı uşaqları stresə salmaqla, onlara böyük həyacan yaşatmaqla heç bir inkişafa nail olmaq mümkün deyil. Nəzarətsiz qalan hazırlıq kurslarında təhsilimizi öz kommersiya məqsədləri üçün məhv edirlər.

Hal hazırda fəaliyyət göstərən hazırlıq kursları, təhsil xidməti göstərən repititorların bilik və bacarıqlarının səviyyəsi, onların bu sahələr ilə məşğul olmaq üçün hüquqi ixtiyarın olub olmaması barədə məlumat yoxdur. Repititorların xidməti zamanı təhsil alan şagirdlərin təhlükəsizliyi, nəticəliliyi təmin olunmayıb. Kim istəyir 4-6 parta qoyub təhsil xidməti təklif edir. Buna bir nəzarət yoxdur”.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.