top of page

"Məqsədimiz sahibkarların işini asanlaşdırmaqdır"-Aydın İbadov


Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Dövlət Reklam Agentliyinin fəaliyyəti və gələcək planları ilə bağlı qurumun direktoru Aydın İbadov Trend-ə müsahibə verib.

Azadpress.az həmin müsahibəni təqdim edir:

- Dövlət Reklam Agentliyinin fəaliyyəti nədən ibarətdir?

- Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir. Bu isə öz növbəsində açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların işinin asanlaşması deməkdir. Fəaliyyətimizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığa dəstək siyasətinə və verdiyi tapşırıqlara uyğun olaraq, onların inzibati yükünü, xərclərini azaltmaq, şəffaf tənzimləməni həyata keçirmək, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində qurmuşuq.

- Tənzimləmə və nəzarət dedikdə nə nəzərdə tutulur, bu proses necə həyata keçirilir, sahibkarlar nə etməlidirlər?

- Agentlik əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklam yerləşdirilməsinə icazə verir, o cümlədən reklam qurğularının və yayımlanan reklamın qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Bunlar hamısı qanunvericiliklə tənzimlənir. Biz mütəmadi monitorinqlər apararaq, daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarları qanunvericiliyin tələbləri barədə maarifləndirir, onlara metodiki tövsiyələr veririk. Bununla yanaşı, texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görürük. Bu isə o deməkdir ki, açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzləri ilə bağlı səhvlərə yol verilməyəcək, mövcud texniki tələblərə əməl olunacaq. Belə hallarla qarşılaşmamaq üçün sahibkarlar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq Dövlət Reklam Agentliyinə müraciət edərək reklam yerləşdirilməsinə icazə almalıdırlar.

- Qeydiyyat prosesi necədir?

- Proses çox sadədir. Bir az əvvəl adını çəkdiyim Qaydanın 2-ci hissəsinə uyğun olaraq reklam yayıcısı ərizə və müvafiq sənədlərlə Dövlət Reklam Agentliyinə müraciət edir. Təqdim edilən sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra açıq məkanda reklam yerləşdirilməsinə icazənin və yerləşdirilən reklama dair texniki şərtlər pasportunun verilməsi barədə qərar qəbul edilir və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanılır. Sahibkar dövlət rüsumunu bank vasitəsilə ödəyir. Ödəniş olunmasını təsdiqləyən sənəd agentliyə təqdim edildikdən sonra 5 iş günündən gec olmayaraq icazə, həmçinin texniki şərtlər pasportu hazırlanaraq sahibkara verilir. Bundan sonra sahibkarla açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi imzalanır. Qanunvericiliyə görə, icazənin müddəti bir ildən artıq ola bilməz.

- Bəs qeydiyyatsız reklamlara qarşı hansı tədbirlər görülür?

- Monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədləri olmadan yayımlanan reklamlar bəzi hallarda təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır. Açıq məkanda reklam yerləşdirilməsinə icazə, yerləşdirilən reklama dair texniki şərtlər pasportu və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcıları maarifləndirilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

- Dövlət Reklam Agentliyinin yaranmasının reklam sahəsində çalışanlara töfhəsi nədən ibarətdir?

- Agentlik açıq məkanda reklam yayımı sahəsində vahid tənzimləmə və nəzarəti həyata keçirməklə yanaşı, bazarın stimullaşdırılması və azad rəqabət mühitinin daha da inkişafı istiqamətində fəaliyyət göstərir. Belə ki, agentliyin fəaliyyəti reklam yayımı və istehsalı sahəsində sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və estetik baxımdan yararsız reklamların yayımının qarşısının alınmasına, vətəndaş məmnunluğunun təmin olunmasına və şəffaf tənzimləmə sisteminin formalaşmasına xidmət edir. Bununla yanaşı, yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər reklam sahəsində fəaliyyət göstərən sahibkarlara köməkdir. Bir sözlə, agentlik açıq məkanda reklam ekosisteminin inkişafını əsas hədəflərdən biri kimi müəyyən edir. Bu da öz növbəsində reklam sahəsinə investisiya marağını artırır.

- Bu sahədə hansı yenilikləri gözləmək olar?

- Reklam yayıcılarına yüksək səviyyəli və şəffaf xidmətlərin göstərilməsi, mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək. Həmçinin ərazinin 360° görüntüsünü təsbit edən texnologiyaların istifadəsi reklam daşıyıcılarının tənzimlənməsi və nəzarətini asanlaşdıracaq. Bu istiqamətdə hazırda beynəlxalq təcrübə araşdırılır. Agentliyin fəaliyyətinə dair sualların operativ cavablandırılması, inzibati-hüquq pozuntuları barədə telefon zənglərinin, habelə agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olmuş müraciətlərin qəbul edilməsi məqsədilə yaxın zamanda “Çağrı mərkəzi”nin fəaliyyətə başlaması da nəzərdə tutulur.

- Sonda sahibkarlara nə demək istərdiniz?

- Sahibkarlara açıq məkanda reklam daşıyıcılarını və reklamları yerləşdirərkən qanunlara əməl etmələrini tövsiyə edirəm. Dövlət Reklam Agentliyi səlahiyyətləri çərçivəsində hər bir sahibkara dəstək göstərməyə hazırdır.


bottom of page