"İndinin özündə də onların təsiri yüksəkdir"-Ayaz Mütəllibov


Azadpress.az Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla Teleqramın müsahibəsini təqdim edir.

- Ayaz müəllim, bu gün Əbülfəz Elçibəyin prezident seçilməsindən 26 il keçir. Həmin dövr, xüsusilə 1993-cü ilin 4 iyununda prezidentə qarşı baş verən Gəncə qiyamı haqqında nə deyə bilərsiniz?

- Keçmişə nəzərə salanda buraxılan nöqsanlar göz önündədir. Gəncə hadisələri ölkəmizə zamanında bədbəxtlik gətirib. Bu hadisə olmasaydı, bəlkə də biz acı nəticələri hiss etməzdik. Gəncə hadisələrindən heç nə udmadıq. Qardaş müharibəsi göz önündə idi. Qan tökülməsinə ehtiyac yox idi. Şübhəsiz ki, o hadisələrdə iştirak edən insanların aqibəti yaxşı ola bilməz. Yəqin ki, onlar əziyyət çəkirlər. Biz keçmişdə baş verənlərdən nəticə çıxarmalı, gələcəkdə belə səhvlərə, bu cür faciələrə yol verməməliyik.

- Həmin dövrdə Moskvada idiniz. 1993-cü ilin 4 iyununda Gəncədə legitim hökumətə qarşı baş verən qiyam barədə kimdən öyrəndiniz?

- Mən televiziya və mətbuatdan xəbər tutdum. Nəzərə alın ki, mən Moskvada illər uzunu təcrid vəziyyətində yaşamışam. Xüsusilə əlaqə saxlamaq və ünsiyyət baxımından. Mənim heç kimlə, heç bir dövlətlə əlaqələrim yox idi. Azərbaycanla da həmçinin. Onu da qeyd edim ki, AXC hakimiyyəti 1993-ci i noyabrın 30-da məni axtarışa vermişdi. Axtarışda olan prezidentin aqibəti və yaşayışı necə ola bilərdi? Odur ki, mənim Gəncə qiyamına dair dəqiq informasiyam yox idi. İmkanlarım az idi.

- Ehtimal edirdinizmi ki, AXC iqtidarının taleyi hərbi qiyamla sona çata bilər?

- Mən bilirdim ki, nəticə nədən ibarət olacaq. Hətta istefa verdiyim gün Ali Sovetin iclasında bildirdim ki, mən gedirəm, ancaq sizə bir il vaxt verilir. Vəziyyətiniz pis olacaq. Yəni xəbərdarlıq etdim ki, müsbət bir şey əldə olunmayacaq.

- Sizcə, hansı səbəblərdən iyunun 4-də Gəncədə hərbi qiyam baş verdi?

- Daxili vəziyyətdən çox şey asılı idi. Ölkə daxilində ciddi gərginlik mövcud idi. Üstəlik, hakimiyyət uğrunda amansız mübarizə gedirdi. Məncə, səbəbləri burada axtarmaq lazımdır. Açığı, heç Gəncədə qiyama ehtiyac yox idi. AXC yeganə qüvvə idi ki, bütövlükdə ölkəni nəzarətdə saxlaya bilirdi. Heydər Əliyevin hakimiyyətə gəldiyi ana qədər Azərbaycanda vəziyyət çox gərgin və xoşagəlməz olub.

- Deyirsiniz ki, qiyamın bir səbəbi də ölkə daxilində hakimiyyət uğrunda gedən amansız mübarizə idi. Siz bu mübarizədə hansı şəkildə iştirak edirdiniz?

- Xeyr. Mən bu mübaruzədə iştirak etmirdim. Mən qanuna uyğun olaraq prezident seçilmişəm. Bəziləri bunu inkar etsə də, çoxları həqiqəti bilir. Mənim üçün belə mübarizələrə ehtiyac yox idi. Təbiətimə uyğun deyildi ki, bu şəkildə mübarizədə iştirak edib, vəzifə hərisliyi göstərəsən. Bunlar mənlik deyildi. Açığı, bilirdim ki, mənim başım üzərində balta qaldıranlar əgər bir nəticə əldə edə bilməsələr, onların başı üzərində də balta qaldırılacaq. Və bu daha dəhşətli formada olacaq. Mən bunları dərk edirdim.

- Əbülfəz Elçibəyin Bakını tərk edərək, Kələkiyə getməsi xəbərini eşidəndə ağlınızdan ilk nə keçdi?

- Heç nə. Xüsusi düşünmədim. Əgər Elçibəyin mənim taleyimi yaşamasına işarə edirsinizsə, məncə, səbəblər tam fərqlidir. Əbülfəz Elçibəy hakimiyyətə gəlmişdi. Niyə 1993-cü ildə belə vəziyyətə məruz qaldı? Axı deyilənə görə, hər şey demokratik şəraitdə baş verirdi. Gəncə hadisələrinə əl atmağa nə ehtiyac var idi? Müxtəlif səbəblər var. Geosiyasi məsələlər də var. Azərbaycan hər zaman diqqət mərkəzində olub, indi də diqqət mərkəzindədir. Ona görə də mən hər dəfə müsahibə verəndə vurğulayıram ki, çox ehtiyatlı olmalıyıq. Doğurdan da dünyada gərgin, xoşagəlməz hadisələr baş verir, geosiyasi vəziyyət stabil deyil. Odur ki, xalqımız, hamımız keçmişdə baş verənlərdən dərs götürməli, bir-birimizə dəstək verməliyik. 25 il səhvləri qəbul edərək üzr istəmək üçün az müddət deyil. Ancaq bunu da edən yoxdur. İndi çıxışlara baxıram, özlərinə bəraət qazandırır, cürbəcür iddialarla çıxış edirlər. Öz gözlərində çöpü görməyib, başqalarının gözündə tir axtarırlar.

- Gəncə qiyamından bir neçə gün əvvəl Azərbaycan ərazilərindən Rusiya ordusu çıxarılmışdı, iyulun 5-də neft müqavilələrinin imzalanması gözlənilirdi. Bu mühüm faktorlar Gəncə qiyamının baş verməsi üçün geosiyasi səbəb ola bilərdimi?

- Bəli, ola bilərdi. Bu mümkün idi. Böyük dövlətlərin maraq mərkəzində yerləşirik. O dövrdə də bura maraq yetirən böyük dövlətlər vardı. Qərbdir, şimaldır, cənubdur. Özünüz bilirsiniz, söhbət hansı dövlətlərdən gedir. İndinin özündə də onların təsiri yüksəkdir. Qiyam siyasi məna daşıyan hadisə idi.

-Sizinlə Sürət Hüseynov arasında münasibətlər necə idi?

- Mən Sürət Hüseynovu tanımamışam. Heç vaxt onu görməmişəm. Sadəcə eşitmişdim ki, Yevlaxda zavod direktoru işləyir, eyni zamanda Qarabağ problemi ilə məşğul olur, hətta öz hesabına hərbi sursat axtarıb tapıb gətirir və s. Ancaq başqa mənada Sürət Hüseynovla mənim iş birliyim olmayıb. Sürətin hərəkatından da mənim xəbərim olmayıb. Qiyam haqqında da mətbuatdan oxumuşam.

- Sürət Hüseynovu siz zavod direktoru təyin etmişdiniz?

- Yox. Onu mən təyin etməmişəm.

- Ancaq belə iddialar səslənir ki, qiyama dəstək verənlər sırasında Ayaz Mütəllibov da olub...

- Bu sözü deyənlər məsuliyyət hissi keçirməyən insanlardır. Mənim barəmdə deyilənlər həqiqətə uyğun deyil. Bu proseslərdə heç bir iştirakım olmayıb. Mən ona görə istefa verməmişdim ki, sonradan başqa yollara əl ataraq hakimiyyətə qayıdım. Elə hakimiyyətdə idim də. Mən bilirdim ki, bu durum, vəziyyət, işlər uçuruma gedir. Ona görə də uzaqlaşdım.

- Ancaq Azərbaycanın ən keşməkeşli dövrlərində sizin adınıza rast gəlinir...

- Mən ölkəyə ən pis dövrlərdə rəhbərlik etmişəm. Qiyamla məni əlaqələndirənlər isə bununla özlərinə bəraət qazandırmağa çalışır. Ancaq kişilik əlaməti olaraq insan deməlidir ki, bəli, mən səhvə, nöqsana yol vermişəm. Artıq bunu etiraf edirəm, məni bağışlayın. Bu siyasi mədəniyyət məsələsidir.

Yeri gəlmişkən, deyim ki, postsovet məkanında ilk istefa mədəniyyəti bizim tərəfimizdən olub. Mənim istefam faktiki olaraq MDB məkanında Azərbaycanın timsalında ilk nümunə idi. Məndən sonra Yeltsin hakimiyyətdən getdi. Elə Elçibəyin özü də vəzifəni tərk edərək uzaqlaşdı. Mən belə şeylərdən hər zaman uzaq olmuşam, indi də uzağam. Amma məndən asılı olmayan hadisələri mənim adıma yazmaqla, böhtan atmaqla nə qazanırlar? İndi cəmiyyətin gözü açıqdır, hər kəs bilir ki, nələr baş verib. Ona görə hamımız deməliyik ki, bu hadisələr baş verməməli idi.

- Həmin dövrdə AXC hakimiyyəti sizinlə təmasa keçib dəstəyinizi istəsəydi, qiyama qarşı bəyanat verərdinizmi?

- Əlbəttə verərdim. Mən indinin özündə də təkrar-təkrar deyirəm ki, Gəncə qiyamına, bu cür hadisələrə mənfi baxmışam. O zaman məndən belə bir dəstək istənməyib, müraciət edən olmayıb. Həmin dövrdə mən təcrid vəziyyətində idim. İndi də deyirəm ki, hamımız ölkə prezidentini dəstəkləməliyik, çünki məsuliyyət onun üzərindədir.

- O zaman qiyamı yatırmaq üçün silahdan istifadə etmək lazım idi?

- Əslində proseslərin bu vəziyyətə gəlib çatmasına imkan verilməməli idi. Qiyamı qadağan etmək lazım idi. Müxtəlif alətlər vardı və onlardan məharətlə istifadə olunmalı idi. Gəncə hadisələri niyə baş verməli idi? Buna əsla ehtiyac yox idi. Əgər mənə müraciət edilsəydi, şübhəsiz ki, hökuməti açıq şəkildə dəstəkləyərdim. Mən qiyamı və buna bənzər tədbirləri yolverilməz hesab edirəm. Əgər silahlı itaətsizlik baş verirsə, insanlar öldürülürsə, konstitusiyaya uyğun hərəkət edilməli idi. Ancaq əvvəlcədən Gəncədə belə proseslərin inkişafına əsas yaradan amillər aradan qaldırılmalı, vətəndaş qarşıdurması hallarına yol verilməməli idi.Teleqraf.com


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.