top of page

Azərbaycanın xarici siyasəti-Tərəfdaşlıq,yoxsa əməkdaşlıq?


Dünyada müstəqil dövlətlər çoxdur,lakin müstəqil,milli maraqlarına uyğun uğurlu xarici siyasət yürüdən ölkələr o qədər də çox deyil.

Azərbaycanı müxtəlif region ölkələri üzrə sıralamada fərqləndirən də məhz müstəqil xarici siyasət yürüdə bilmək bacarığıdır. Cənubi Qafqaz regionu üzrə xarici siyasətində müstəqillik amili Azərbaycanı gərəkli tərəfdaş kimi cəlb edir.

Mürəkkəb geosiayasi coğrafiyada yerləşən Azərbaycan Respublikası perspektivli xarici siyasəti nəticəsində Avropa və Asiyanın iqtisadi inkişafına təkan verən nəqliyyat-kommunikasiya və enerji layihələrini həyata keçirə bilib. Bəs Azərbaycanın xarici siyasətinin prioritləri və əsas amilləri hansılardır? Azərbaycan gələcəkdə hansı istiqamətə inteqrasiya olunmalıdır?

Azərbaycanın baş naziri Novruz Məmmədov mətbuatda dərc olunan məqaləsində xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırdığını qeyd edib:

"Azərbaycan demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşıb və bu təsəvvür artıq oturuşub. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb".

Baş nazir bildirib ki, ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib:

"Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlərarası və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir".

"Azərbaycan yürütdüyü çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasəti sayəsində regional əməkdaşlıq mərkəzi rolunda çıxış edir"

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib. O bildirib ki, qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir:

“Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihə 3 ölkənin dəmir yolu sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimal Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır. Avropa İttifaqının da təcrübəsi göstərir ki, dəmir yolları yalnız infrastruktur olmayaraq xalqların rifahına, insanlararası təmasların artmasına və mədəniyyətlər, sivilizasiyalararası dialoqun gücləndirilməsinə töhfə verən ciddi vasitədir”.

Milli Məclisə deputatlığa namizəd olmuş Mürsəl Eldaroğlu ölkə rəhbərliyinin balanslaşdırılmış xarici siyasətinin Azərbaycan üçün faydalı olduğunu deyib:

“Azərbaycanın xarici siyasət strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilir. Müasir dünyada əksər dövlətlərin xarici siyasətində əsasən tərəfdaşlıq prinsipi hakim olduğu dövrdə Azərbaycanın xarici siyasətinin əməkdaşlıq prinsipinə əsaslanması balanslaşdırılmış xarici siyasətin təzahürüdür. Bu hal isə son nəticədə Azərbaycanın xarici siyasətindəki uğurudur”

“Konstitusiyada təsbit olunmuş fikir və söz azadlığına əsaslanaraq, müstəqil düşüncəli Azərbaycan vətəndaşı kimi öz fikrimi bildirə bilərəm. Mənim fikrimcə, nə şimala, nə də qərbə, nə də ki, cənuba doğru. İsrail dövləti ilə strateji müttəfiqlik şəraitində balanslaşdırılmış xarici siyasət ilə gələcəyə doğru getmək Azərbaycanda siyasi, iqtisadi sabitliyin qorunub saxlanılmasına, xarici siyasətdə yeni-yeni uğurlar qazanılmasına xidmət edə bilər”-deyə M.Eldaroğulu vurğulayıb.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və heç bir dövlətin təsiri altında olmadığı bildirib:

“Biz dəfələrlə və açıq şəkildə demişik ki, istər Moskva, istərsə də Vaşinqton, Brüssel və ya Ankara Azərbaycanın böyük qardaşı roluna iddialı ola bilməz. Bizə tərəfdaşlar, dostlar, mehriban qonşular lazımdır, lakin Azərbaycan heç zaman imkan verməz ki, ona kimsə öz iradəsini diktə etdin, necə yaşamağı öyrətsin”.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu artırmaqdadır. Bu münasibətlərdə Azərbaycanın başlıca hədəfi öz ərazi bütövlüyünü təmin etməkdir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

H.Babaoğlu bildirib ki, bunun üçün Azərbaycan özünə tərəfdaş və dost ölkələr seçir və onların sayı daim artır:

“Ölkədə həyata keçirilən çox böyük regional və qlobal xarakterli iqtisadi layihələr də ayrı-ayrı ölkələri Azərbaycana iqtisadi tərəfdaş etməklə yanaşı, həm də onu etibarlı, siyasi partnyor edir. Azərbaycan 2016-cı il aprel döyüşlərindən sonra müxtəlif şərtlər qoyaraq danışıqlardan qaçmağa çalışan Ermənistanı danışıqlar masası arxasında oturmağa məcbur etdi. Bu gün Azərbaycanın hərbi-siyasi üstünlüyü imperativdirsə, ermənilər danışıqda maraqlı olmalıdır. Əks təqdirdə, onları çox pis nəticələr gözləyə bilər. Bu, Ermənistanın işğalçı rejiminə yeni mesajdır. Bu ciddi mesaj Ermənistan tərəfindən düzgün oxunmalıdır" Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasəti ölkənin milli maraqlarını təmin edən xarici siyasətdir: "Önümüzdəki mərhələdə də Azərbaycan bu istiqamətdə siyasətini davam etdirəcək və ölkədə yeni, uğurlu layihələr həyata keçiriləcək”

Millət vəkili, politoloq Aydın Mirzəzadənin Azərbaycanın xarici siyasət kursuna münasibəti müsbətdir. Onun sözlərinə görə, Azərbaycanın ölçülüb-biçilmiş və milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursu nümunə kimi göstərilməlidir:

"Bu gün də cənab prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Azərbaycanın xarici siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və uğurla davam etdirilir. Azərbaycanın apardığı diplomatik fəaliyyət bir neçə əsas istiqamətdən ibarətdir ki, birlikdə onlar müstəqil Azərbaycanın xarici siyasətini təşkil edir. Azərbaycanın xarici siyasi kursu hazırda regionda digər ölkələr üçün nümunədir. Azərbaycan regionda lider dövlətə çevrilib. Təbii ki, bu illər ərzində nail olduğu uğurlu siyasət düzgün siyasi kursun nəticəsidir. Balanslı siyasət aparan ölkə rəhbərliyimiz hər sahədə olduğu kimi, bu sahədəki siyasəti ilə də onu nümayiş etdirir ki, xalqın mənafeyi hər zaman nəzərə alınır. Bu gün Azərbaycanın istər daxili olsun, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Ölkəmizin xarici siyasətdə götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir".

Hesab edirəm ki, suallara aydınlıq gətirməklə ölkənin xarici siyasət vektorunu müəyyənləşdirə bildik. Azərbaycan Respublikasının ərazilərinin bir hissəsi Ermənistanın işğalındadır və uzun illərdir ki, bu işğal davam edir. Azərbaycan prezidenti xarici siyasətdə prioritet kimi başlıca amil olaraq Dağlıq Qarabağın işğaldan azad edilməsini əsas götürüb. Bu səbəbdən də ölkə rəsmilərinin xarici səfərlərində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi və status-kvonun dəyişdirilməsi vurğulanır. Təhlilçilər xarici siyasətdə başlıca məqam kimi Qarabağ probleminin həlli vacibliyinin gündəmdə qalmasını uyğun sayırlar. Eyni zamanda fikir bildirənlərin əksəriyyəti Respublikanın xarici siyasətində balanslaşdırmanı dəstəkləyirlər.

Qeyd etmək lazımdır ki, bu strategiya öz bəhrəsini verib. Beləki Dağlıq Qarabağ məsələsində hazırkı vəziyyətin,status-kvonun dəyişdirilməsi artıq Avropa ölkələri rəhbərləri və mötəbər beynəlxalq təşkilatlar tərəfindən də bəyan edilir.

Eldəniz Cəfərov


bottom of page