Yeni xəbər telekanalı yerüstü yayıma başlayır


"İxtisaslaşmış (xəbər) televiziya kanalının yerüstü yayımı sentyabr-oktyabr aylarına planlaşdırılır".

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O bildirib ki, ixtisaslaşmış (xəbər) televiziya kanalı ARB 24 adı altında peykdən yayımlanır: "ARB 24-ün yerüstü yayımı isə sentyabr-oktyabr aylarında 31-ci TV yayım kanalında aparılacaq. Hazırda 31-ci TV kanalında CBC Sport HD və Xəzər TV HD yayımlanır".

Şöbə müdiri qeyd edib ki, hazırda TV vericisinin gücü 1 kVt-dır: "Xəbər telekanalı fəaliyyətə başlayana qədər bu güc 2 kVta qədər artırılacaq".

Qeyd edək ki, MTRŞ “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.