"Generator almaq üçün həkimlərdən pul yığılmır"


Azadpress.az xəbər verir ki,Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova belə deyib.

S.Əhmədova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yeni generatorlar alınır:

“Ölkənin enerji sistemində qəza baş verən zaman səhiyyənin həyati əhəmiyyətli, yəni reanimasiyası, süni nəfəs aparatı olan tibb müəssisələrində generatorlar quraşdırılmışdı. O müəssisələrdəki araşdırma zamanı neqativ hallar aşkarlanıb, hazırda generatoru olmayan müəssisələrin təchizatı ilə məşğul olunur. Bunu bir günün içində etmək mümkün deyil. Generatorlar alınır və yerləşdirilir”.

S.Əhmədova sosial şəbəkələrdə yayılan xəstəxanalarda həkimlərdən generator almaq üçün pul yığılır məsələsinə də münasibət bildirdi:

“Tibb müəssisələrində həkimlərdən 1 manat da pul yığılmayıb. Belə bir göstəriş verilməyib, verilə də bilməz. Haradasa belə bir hal olubsa, xahiş edirik, Səhiyyə Nazirliyinə müraciət etsinlər. Amma ünvanlı şəkildə, konkret ad çəksinlər ki, biz də dərhal araşdıraq”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.