top of page

“İşğalçı işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır”-İlham Əliyev


“Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bütün dünya ölkələri ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə paraflanmış sənəddə Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. Eyni zamanda keçən ay NATO-nun zirvə görüşündə qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bunlar beynəlxalq hüququ, ədaləti əks etdirən sənədlər, eyni zamanda işğalçı ölkəyə göndərilən siqnallardır. İşğalçı ölkələr bilməlidir ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Azadpress.az xəbər verir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində belə deyib.

Prezident İlham Əliyev qeyd edib ki, 20 il Ermənistana rəhbərlik etmiş xunta rejimi çöküb, işğalçı siyasəti iflasa uğrayıb: “İşğalçılıq siyasətinə görə Ermənistan bu gün ağır, təcrid edilmiş vəziyyətdədir. Azərbaycanla münasibətlər normallaşana qədər də belə olacaq. Bunun üçün işğalçı dövlət torpaqlarımızdan dərhal çıxmalıdır. 25 il əvvəl BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib. Həmin qətnamələrə görə erməni işğalçı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Həll yolu budur. Ermənistanın indiki hakimiyyəti əvvəlki xunta rejimin səhvlərini buraxmamalıdır.

Ancaq onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar təəccüb doğurur. Bir-birini təkzib edən bəyanatlar başa düşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmalıdır. Lakin bunu Azərbaycan və vasitəçilər qəbul etməyəcək. Özləri də bunu bilir. Eyni zamanda bu bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür. Biz başa düşürük ki, yeni hökumətə beynəlxalq münasibətlər barədə məlumatlı olmaq üçün vaxt lazımdır. Ancaq verilən bəyanatlar sülhə vurulmuş yeni zərbədir. Çünki onlar işğalçı siyasəti davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik. Biz isə sülh istəyirik. Ancaq torpaqlarımız işğaldan azad edilənə qədər bu mümkün olmayacaq. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Azərbaycan əsgərləri öz torpaqlarında şəhid, əlil olurlar. Erməni əsgərlərin isə bizim torpaqlarda heç biri işi olmamalıdır. İşğalçı işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. O halda Azərbaycanla Ermənistan arasında əlaqə yarana və dayanıqlı sülh, inkişaf mümkün oluna bilər.

Münaqişənin tezliklə və mərhələli yolla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz və beynəlxalq aləm bunu tələb edirik".APA


bottom of page