
“Hell”, “Red Bull” və “Bizon” kimi içkilər kimlər üçün qadağan edilib? Nəhayət, energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq edildi. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib. Agentlikdən əlavə edilib ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən də energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır: “Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir". Həmçinin qeyd edilib ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir. Qeyd edək ki, artıq bir neçə ildir ki, ölkəmizdə energetik içkilərin satışı kütləviləşib və xüsusən də isti yay mövsümündə bu cür içkilərə olan tələbat kəskin artır. Araşdırmalar da onu göstərir ki, bu cür içkilərin ən çox istifadəçisi gənclər və yeniyetmələrdir. Halbuki bundan əvvəl dəfələrlə mütəxəssislər energetik içkilərin insan həyatı üçün təhlükəli ol