Azərbaycanda guya təqibə məruz qaldığını bəhanə gətirərək Avropada sığınacaq alan Əli Əkbər ləqəbli yazar Ələkbər Əliyev indi də Avropadakı ksenifobiyadan narazıdır.
Qeyd edək ki, Ələkbər Əliyev vaxtı ilə dəfələrlə Azərbaycan dövlətini və xalqını mətbuatda və Facebook səhifəsində söyüşlərlə təhqir edib.
Ə. Əliyev Avropada anti-Azərbaycan fəaliyyətində bulunan şəxslərlə və erməni diasporunun nümayəndələri ilə də sıx əlaqədədir.Qafqazinfonun verdiyi məlumata görə,Ələkbər Əliyev İrəvanda Azərbaycan hökumətini və mətbuatını şovinizmdə ittiham edib(http://qafqazinfo.az/news/detail/yazici-eli-ekber-irevanda-azerbaycanlilari-tehqir-etdi-151469)
O,"Yeni Musavat"da köşə yazısında "İsveçrədə ksenofobiya və dialekt" məqaləsi ilə çıxış edib. Həmin yazını təqdim edirik. "Mən də fərqindəyəm ki, İsveçrə haqqında birinci yazımda termin və müəlliflərin dozası artıq olmuşdur. Sadə şeylər haqda, sadə dildə danışmaq lazımdır. Ona görə qərar verdim ki, növbəti yazılarımın dili "xəlqi" olsun. İsveçrə yaxşıdır, yoxsa pis - aydın başa düşülsün. Bilmirəm, dərinə gedib daxili mətbəxi açmağın oxucuya bir faydası varmı? Videobloqumda İsveçrə haqqında qısa bir çıxışım olmuşdu, amma o da azərbaycanlıların "tarix travması" kontekstində. Ümumiyyətlə İsveçrə haqqında danışmaq həm çətindir, həm asan. Sözgəlişi, ya da məzə xətrinə demirəm, doğrudan da çətin və asan tərəfləri var. İsveçrə haqqında danışmaq ona görə asandır ki, bu ölkə haqqında nə bilirsinizsə, klişeləriniz nədirsə, İsveçrə elə odur. İsveçrəlilər də öz ölkələri haqqında sizin kimi düşünürlər və onların da pendirdən, saatdan, banklardan və şokoladdan başqa bir gündəmi yoxdur. İsveçrə və isveçrəlilər bütün stereotiplərə artıqlaması ilə cavab verirlər, amma onların da dolablarında "skeletlər" var. Hamıdan gizlətdikləri, xəcalət çəkdikləri skeletlər. Bəs İsveçrə haqqında danışmaq niyə çətindir? Ona görə ki, hər bir xalqın öz spesifikası olduğu kimi, isveçrəlilərin də spesifikası var, amma İsveçrədə spesifika xalqın özündən çoxdur. Aydınlıq gətirim. Əslində vahid bir İsveçrə xalqından danışmaq olmaz. Ölkənin altmış faizdən çoxunu təşkil edən almandilli əhalinin yaşadığı bölgələrdə hakim olan mentalitet, fransız və italyanların yaşadıqları bölgələrlə kəskin fərqlilik göstərir. Almandilli isveçrəlilərə "alman" desəniz, ən azından sizə nifrət edəcəklər. German-lara aid olduqlarını iddia edən hər kəs, isveçrəlilərin düşmənidir. Onlar özlərinə fəxrlə "isveçrəli" deyirlər və fəxrlə öz dialektlərində danışırlar. Almandilli isveçrəlilərin danışdıqları dialektin nəmənə şey olduğunu anlamaqdan ötrü, bu məşhur deyimi bircə dəfə eşitmək kifayətdir - "Alman dili Almaniyada doğuldu, Avstriyada xəstələndi, İsveçrədə isə öldü". Amma siz yenə də ehtiyatı əldən verməyin, bunu İsveçrədə dilə gətirməyin, çünki ən azından sizdən zəhlələri gedəcək. Bu dialekt yüksək, yəni ədəbi almancanın qətli deməkdir. Adam qarşısına məqsəd qoysa ki, mən nə yolla olursa olsun alman dilini təhqir etməliyəm, başına itin oyununu açmalıyam, anasını ağlatmalıyam və ömrünü bu işə sərf etsə, illər boyunca gecə-gündüz çalışsa, almancanın İsveçrə dialektini yaratmaqla, məqsədinə çata bilər. Əminliklə deyə bilərəm ki, bu həyatda iki şeydən zəhləm gedir - almancanın İsveçrə dialektindən və Kürdəmirdəki Bığ restoranından. Fransız və italyandilli kantonlarda yaşayan isveçrəlilər isə, özlərinə "mən fransızam", "mən italyanam" deyir və bundan zərrə qədər kompleks keçirmirlər. Almandilli isveçrəlilərin kompleksi isə, təxmin etdiyiniz kimi, Almaniyanın nasist keçmişinə görədir. Baxmayaraq ki, İsveçrə İkinci Dünya savaşı illərində Hitler Almaniyasına logistik dəstək göstərib və başqa binamus işlərə qol qoyub - bu gün keçmişi xatırlamaq, keçmişdən danışmaq, ümumiyyətlə özünürefleksiya İsveçrədə xoş qarşılanmır. Az gəzməmişəm, az görməmişəm və əminliklə deyə bilərəm - özü haqda, keçmişi haqda danışmaqdan bu qədər qorxan ikinci bir xalq tanımıram. Sosialist ruhlu Zürich və Basel kantonlarının eyniadlı paytaxtlarından fərqli olaraq, qalan almandilli kantonlarda ya qismən, ya da tam ksenofobiya hakimdir. İsveçrənin təsisçilərindən olan Şvits (Schwyz) kantonu isə, ksenofobiya üzrə lider kanton kimi tanınır. Bunun təsdiqini ingilis, holland və hətta almanlardan eçitməsəydim, bu qədər əmin danışmazdım. Ümumiyyətlə, İsveçrənin balaca kəndlərində gəzəndə (ələlxüsus turistik marşrut üzərində olmayan kəndlərdə), orta və ahıl yaşlı isveçrəlilərin narazı baxışlarını aydın görəcəksiniz. Onların ənənəvi kafelərinə, restoranlarına girəndə də bu baxışlara rast gələcəksiniz. Söhbət adi maraqdan getsəydi, buna əhəmiyyət verməzdim. And olsun bizi yaradana, arif olan kəs vallah da, billah da bu baxışlarda kinayə və ikrahı dərhal hiss edəcəkdir. Siz Azərbaycanın rayonlarında camaatın əcnəbilərə birtəhər baxmasına görə narahatsınız? Qəti narahat olmayın. Bizim adamlarda zərrə qədər ksenofobiya yoxdur, çox məsumdurlar"