top of page

Konvensiya Azərbaycanın maraqlarına tam cavab verir


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun AZƏRTAC-a məxsusi müsahibəsini təqdim edirik.

Xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a müsahibəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətindən danışıb və sənədin əsas müddəalarını şərh edib. Müsahibəni təqdim edirik.

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkəmiz üçün mühüm və tarixi əhəmiyyət kəsb edən sənəddir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik.

- Əlbəttə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. Bildiyiniz kimi, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirir. Eyni zamanda, bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Onu da əlavə edim ki, bu Konvensiyanın imzalanması BMT-nin baş katibi daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət və dünya mediası tərəfindən çoxtərəfli diplomatiyanın təntənəsi kimi qiymətləndirilib.

- Azərbaycanın Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində aparılan uzunmüddətli və müxtəlif səviyyəli danışıqlara və onların nəticələrinə töhfəsi nələrdən ibarət olub?

- Dövlətimizin başçısının Zirvə toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi bir hadisədir. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ulu öndərimiz Heydər Əliyev tərəfindən Xəzər dənizinin statusunun razılaşdırılmasına yönəlmiş qətiyyətli addımlar atılmağa başlandı. Azərbaycan tərəfi bu proses üzrə danışıqların başlanmasından etibarən həm xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən Xüsusi İşçi Qrupunun iclaslarında, həm xarici işlər nazirlərinin görüşlərində, həm də dövlət başçıları səviyyəsindəki Zirvə toplantılarında fəal və konstruktiv şəkildə iştirak edib.

Qeyd olunmalıdır ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq, eləcə də dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub. Həmçinin Konvensiyanın ərsəyə gətirilməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının nəticəsi kimi də qiymətləndirilə bilər.

Ümumilikdə, Konvensiyanın razılaşdırılması Xüsusi İşçi Qrupu çərçivəsində keçirilmiş 52 görüş və növbədənkənar görüşlərin, buna paralel mütəmadi çoxsaylı ikitərəfli məsləhətləşmələrin, xarici işlər nazirlərinin müşavirələrinin və dövlət başçıları səviyyəsində təşkil olunan Zirvə toplantılarında əldə olunmuş geniş konsensusun və tərəflər arasında incə balansın nəzərə alınmasının nəticəsidir. Xəzəryanı dövlətlərin ortaq rəyi budur ki, Xəzər bizi ayıran deyil, birləşdirən məkandır və sərvətdir. Belə ki, sözügedən sənəd hər bir sahilyanı dövlətin iqtisadi və təhlükəsizlik maraqlarının vəhdətini təşkil edir.

Konvensiyanın müddəaları faktiki olaraq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tətbiq ediləcək.

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının ölkəmizin maraqları və suveren hüquqlarının qorunması baxımından əhəmiyyəti barədə nələri qeyd edərdiniz?

- Bu sənəd ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir. Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır.

Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub.

Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir.

- Konvensiyada Xəzər dənizi regionunun təhlükəsizliyinin və sabitliyinin qorunması baxımından sahilyanı dövlətlər arasında etimad tədbirləri ilə əlaqədar hansı məsələlər öz əksini tapıb?

- Qeyd edilməlidir ki, sahilyanı dövlətlər üçün Xəzər dənizində təhlükəsizlik və sabitliyin qorunub saxlanması məsələsi hər zaman böyük əhəmiyyət kəsb edib. Belə ki, Xəzər dənizi regionundakı əməkdaşlıq tərəflərin qarşılıqlı maraqları, bərabərliyi, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında aparılır. Burada Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, güc işlətməmək və güc işlətməklə hədələməmək, hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə öngörənlik və şəffaflıq ruhunda riayət edilməsi kimi prinsiplər əks olunub. Bununla əlaqədar olaraq, Aktauda baş tutmuş Zirvə toplantısı çərçivəsində dövlət başçıları tərəfindən Xəzər dənizində etimad tədbirlərinin işlənib hazırlanması ilə bağlı razılıq əldə edilib. Etimad quruculuğu tədbirlərinin əsas xəttini hərbi quruculuq sahəsində şəffaflıq, məlumat mübadiləsi və rasionallıq kimi meyarlar təşkil edir.

- Konvensiyada Xəzər dənizində beynəlxalq əməkdaşlıq məsələləri hansı qaydada tənzimlənir?

- Bildiyiniz kimi, Azərbaycan üçün Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət kəsb edib. Bu baxımdan, Konvensiya dənizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar olaraq Azərbaycanın xarici şirkətlər və korporasiyalarla əməkdaşlığını tanıyır və onun davam etdirilməsinə və genişləndirilməsinə imkan yaradır.

- Konvensiyanın regionda nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsinə verə biləcək töhfələri barədə nə deyə bilərsiniz?

- Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bir sıra layihələrdə mühüm rol oynayır. Bu səbəbdən Xəzərin tranzit potensialının həyata keçirilməsinin vacibliyi Konvensiyada da nəzərə alınıb. Belə ki, Konvensiya dəniz üzgüçülüyünün azadlığını müəyyən etməklə, Xəzər dənizindən digər dənizlərə və tranzit ölkənin suveren hüquqları nəzərə alınmaqla dünya okeanına sərbəst çıxış hüququnu, eləcə də tərəflərin limanlarına azad giriş-çıxışını tanıyır.

- Konvensiyada Xəzər dənizinin ətraf mühitinin, eləcə də onun bioloji resurslarının qorunub saxlanmasına yönəlmiş hansı fundamental prinsip və normalar əksini tapıb?

- Artıq uzun müddətdir ki, sahilyanı ölkələr Xəzər dənizinin ətraf mühitinin və bioloji resurslarının qorunması sahəsində əməkdaşlıq edirlər. Bu xüsusda, Xəzərin dəniz ətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası və onun protokolları, Su bioloji resursların mühafizəsi və səmərəli istifadəsi haqqında Sazişi, habelə Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokolu qeyd edə bilərik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əsasında da tərəflər öz üzərilərinə dənizin ətraf mühitinin qorunmasına dair öhdəlik götürür və onun çirkləndirilməsinə görə məsuliyyət daşıyırlar. Burada, həmçinin tərəflərin su bioloji resurslar üzrə birgə ehtiyatları və həmin ehtiyatların milli kvotalara bölünməsi barədə qaydalar nəzərdə tutulur.

- Sənəddə tərəflərin Xəzər dənizinin dibi ilə sualtı kabel və boruların çəkilməsi hüququnun həyata keçirilməsi necə həll edilib?

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır. Bu zaman belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Eyni zamanda, belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır. Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq.

- Konvensiyada Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinə nə kimi önəm verilir?

- Konvensiya əsasında tərəflər dənizdə beynəlxalq terrorçuluq və onun maliyyələşdirilməsi, silah, narkotik vasitələrin qanunsuz dövriyyəsi, brakonyerliklə mübarizə, dənizlə miqrantların qanunsuz gətirilməsinin, eləcə də digər cinayətlərin qarşısının alınması sahəsində əməkdaşlıq edirlər. Yeri gəlmişkən, diqqətə çatdırmaq istərdim ki, V Zirvə toplantısı çərçivəsində Xəzər dənizində insidentlərin qarşısının alınması, dənizdə terrorçuluq, mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd qurumlarının əməkdaşlığı, həmçinin nəqliyyat və ticari-iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən müqavilələr də imzalanıb. Bu, bütövlükdə Xəzəryanı dövlətlərin dənizdə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə verdiyi önəmin göstəricisidir.

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli icrası məqsədilə tərəflər arasında nə kimi mexanizmin təsis olunması nəzərdə tutulur?

- Konvensiyanın effektiv yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin nəzərdən keçirilməsi məqsədilə dövlət başçıları tərəfindən Xarici İşlər nazirliklərinin himayəsi altında xarici işlər nazirlərinin müavinləri/Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələri səviyyəsində beştərəfli müntəzəm məsləhətləşmələr mexanizmi yaradılıb. Bu mexanizm Konvensiya ilə bağlı məsələlərin həlli və ondan irəli gələn öhdəliklərin icrasına nəzarəti həyata keçirəcək. Onu da qeyd etmək istərdim ki, müvafiq İşçi Qrupunun ilk iclasının cari ilin payız aylarında Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunub. Hazırda bu qrupun qarşısında qoyulan əsas vəzifə düz çıxış xətlərinin müəyyən metodikasına dair sazişin işlənib hazırlanmasından ibarətdir.

İnanırıq ki, Konvensiya sahilyanı dövlətlər tərəfindən tezliklə ratifikasiya olunacaq.Azadpress.az


bottom of page