Kamran Əsədov da DİM-i məhkəməyə verəcək


"Hazırda DİM-ə gedirəm. Abituriyent atası ilə məni orada gözləyir. Əgər "Photoshop"la hazırlanıbsa, valideynlə uşağı, olmasa DİM-i elə ordaca Yasamal Rayon Məhkəməsi qarşısında iddia qaldırıb, gələcəm".

Azadpress.az xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, heç kimə nüfuzunu zədələməyə imkan verməyəcəyini bildirib:

"İstər uşaq olsun, istərsə də böyük fərq etməz. Çünki mənim nüfuzum onların fəaliyyətindən də qiymətlidir. Mən imkan vermərəm ki, kimsə mənim adım üzərindən oynasın".

****

"Heç bir yerə qəbul olmadığını deyən deyən abituriyent topladığı balı "Photoshop" proqramı vasitəsilə düzəldərək, Kamran Əsədova göndərib".

Bu barədə Qaynarinfo-ya DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. O, abituriyentin topladığı balın daha az olduğunu bildirib:

"Abituriyentin topladığı bal, seçdiyi ixtisaslara keçid balından az olduğu üçün ali məktəbə daxil ola bilməyib. Abituriyentin nəticələri ilə bağlı məxfilik qorunduğundan özünün razılığı olmadan nə qədər bal topladığını açıqlaya bilmərik".

****

Azərbaycanda Əsgəri İbrahim Əli oğlu adlı abituriyent qəbul imtahanında 596 bal yığmasına və seçdiyi ixtisasların bir çoxuna tələb olunan keçid balını keçsə də heç bir yerə qəbul ola bilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, 15 illik təcrübəsində ilk dəfədir ki, belə bir halla qarşılaşdığını bildirib. Ekspert buna görə, Dövlət İmtahan Mərkəzini ittiham edib.

"Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb", - deyə o, bildirib.