25 nəfərin öldüyü yanğını törətməkdə ittiham edilən şəxsin istintaqa şok ifadəsi: "Özümü öldürməyin..." Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə başlayıb. Azadpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi başlayıb. 25 nəfərin ölümünə səbəb olan yanğını törətməkdə ittiham edilən Məhəmməd Məmmədovun istintaqa ifadəsi yayılıb. Əvvəlcə qeyd edək ki, M.Məmmədov 1976-cı ildə H.A. ilə ailə həyatı qurub. Xəzər rayonu Buzovna qəsəbəsində “BAPO” hərbi təyinatlı zavodda işləyib. 1982-ci ildə zavodun işçisi kimi ona 5 otaqlı mənzil verilib. M.Məmmədov ifadəsində deyib ki, 1993-cü ildə işdən çıxıb və avtomobil təmiri sexlərində işləməyə başlayıb. O, az pul qazandığı üçün arvadı ilə münasibətinin korlandığını deyib: "Buna görə də xoşbəxtliyi spirtli içkidə tapdım. 1998-ci ildə arvadım və oğlum Vahid məni alkoqolizm xəstəsi kimi Narkoloji Mərkəzə yerləşdirdilər. 2015-ci ildə mənə baxması şərti ilə evi Vahidə bağışaldım. Bir həftə sonra mənə yenə əyyaş damğası vuraraq xəstəxanaya yerləşdirdilər"- deyən Məmmədov ömrünün 20 ilini həmin mərkəzdə keçirdiyini söyləyib. O ifadəsində həkimindən də şikayət edib: "Müalicə həkimi Afət Məmmədova oğlumla arvadımın sözü ilə hərəkət edərək məni uzun müddət orada saxladı. 2017-ci ilin oktyabrında oradan çıxdım, noyabrın 11-də yenidən ora qaytardılar. Vahidin məni nahaqdan mərkəzdə saxlamasına görə çox küskün və qəzəbli idim. Eldar həkimin telefonundan Vahidə zəng edib məni oradan çıxartmasını istədim, o isə “hələ orada çox qalacaqsan” dedi. 2018-ci il martın 1-i gecə saat 20-21 radələrində tibb bacısı Şəlalə Ələkbərovaya yaxınlaşıb evə buraxılma vaxtımı soruşdum. Şəlalə kitaba baxıb mənim qalma müddətimin martın 1-dən yenidən uzadıldığını dedi. Mən də qəzəblənərək məni saxta sənədlərlə burada saxladıqlarına görə oranı yandırıb, dağıdıb çıxacağımı və gedib Vahidin evini də yandıracağımı dedim. Bu xəbər məni özümü öldürmək həddinə çatdırdı, həmin gecəni yata bilmədim, özümü öldürməyin yollarını fikirləşdim. O gecə bir qutu “Astra” siqareti çəkib qurtardım". M.Məmmədov istintaqa ifadəsində hadisəni necə törətdiyini də danışıb: "Səhər 05-06 radələrində qərarə gəldim ki, həyatımı bu mərkəzdə başa vurmaqdansa, özümü yandırıb öldürüm. Buna görə də istifadə etdiyim qara rəngli alışqanla uzandığım çarpayıda üstümə örtdüyüm yorğanı ayaq tərəfindən yandırdım. Yorğanın alovu artıqda ölməkdən qorxub özümü öldürmək fikrimdən daşındım. Alovlanmış yorğanı divara tərəf atıb palatada mənimlə birgə yatan Nurlanı oyatmağa çalışdım. Yorğanın alovu qısa müddətdə divarı və çapayını bürüdü, dəhlizə çıxıb “ay camaat, buralar yanır, çıxın qaçın” deyib hay saldım. Qonşu palatadan xəstələr, növbətçi sanitar Amid Quliyev və tibb bacısı Şəlalə Ələkbərova dəhlizə çıxdı. Yanğın 15-ci palataya keçdiyi üçün hamı ora girdi. Tez bir zamanda kəskin iyli tünd rəngli tüstü nəfəs almağı və görməyi çətinləşdirdi. Amid əsas qapını açdı, mən çıxıb həyətdə dayandım. Siqaret çəkib yanğının bütün şöbəni bürüdüyünü görüb oradan getdim". Hadisədən sonra oradan qaçdığını deyən M.Məmmədova neçə saxlanıldığını da danışıb: "Hasarı aşıb bacımgilə getdim. Bacım Əslinin əri Səlimə mərkəzdə yanğın olduğunu, canımı qurtarıb qaçdığımı dedim. Oğlum Vahid də ora gəldi, onunla görüşmədim, danışmadım da. Səlimlə gedib özümə ayaqqabı aldım, sonra marketdən 1 manata 200 qramlıq araq alıb parkda bacımgildən götürdüyüm alma ilə içdim. Orada oturub oğlumun mənə qarşı hərəkətlərini, bunun nəticəsində özümü öldürmək istəməyimi və istəmədən mərkəzdə yanğına səbəb olduğumu fikirləşdim. Səlim məni parkda qoyub evə getdi, bir qədər sonra polislər yaxınlaşıb özümü təqdim etməyimi istədilər. Şəxsiyyət vəsiqəmin üstümdə olmadığını dedim, məni Xətai Rayon Polis İdarəsinə gətirdilər. Törətdiyim əməldən peşmanam, istəməzdim ki, xəstələrdən kimsə ölsün”. Lakin M.Məmmədov istintaqda belə desə də, məhkəmədə fərqli ifafə verib. O, yanğını törətmədiyini, təzyiqlərdən sonra boynuna götürdüyünü deyib. Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib. M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub. Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.
Bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb. Yeni Musavat