top of page

Rusiya,İran və Türkiyə Suriyanı nəzarətə götürdü


Tehranda Türkiyə lideri Ərdoğan, Rusiya lideri Putin və İran Prezidenti Ruhaninin iştirakı ilə Suriya sammiti başlayıb.

Azadpress.az Axar.az-a istinadən xəbər verir ki, sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani Suriyanın terrorizmə qarşı müqavimət göstərməyə davam edəcəyini bildirib:

“Yaxın Şərqə xarici müdaxilə qəbuledilməzdir. Yaxın Şərq xarici müdaxiləyə görə ağır dəyər ödəyib”.

O, İsrailin Suriya ərazisini tərk etməli olduğunu da bildirib.

Ruhani həmçinin qeyd edib ki, İran Suriyada mövcudluğunu qoruyub saxlayacaq.

“ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir. Bu, Suriyada sülhün əldə olunmasına maneə yaradır”, - İran prezidenti bildirib.

***

Rusiya Prezidenti Vladimir Putin İdliblə bağlı bildirib ki, İdlibdə terrorçular provokasiyalar hazırlayır:

“Bu provokasiyalar zamanı kimyəvi silahlardan istifadə edilməsi mümkündür”.

Putin Suriya ərazisinin 95%-nin beynəlxalq terrorizmdən azad edildiyini, 15 min nəfərin artıq öz evinə qayıtdığını söyləyib.

***

Zirvədə qəbul ediləcək qərarları bütün dünya səbirsizliklə gözləyir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda keçirilən Suriya zirvəsində çıxışı zamanı deyib.

“İdlibə ediləcək hücum böyük bir qətliamla nəticələnəcəkdir. İdlibdə terrorla mübarizə sahəsində fərqli üsullara ehtiyac var. İdlibin qan gölünə çevrilməsini istəmirik”, - Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə artıq qaçqın qəbul etmək gücündə deyil: “Türkiyə Suriyadan 4,5 milyon miqrant qəbul edib. Biz artıq Suriyadan qaçqın qəbul etmək gücündə deyilik”.

Türkiyə lideri Suriya ordusunun İdlibdəki əməliyyatının humanitar fəlakətə gətirib çıxara biləcəyini vurğulayıb:

"İdlib sadəcə Suriyanın siyasi gələcəyi üçün deyil, milli təhlükəsizliyimiz, bölgənin sülh və tərəqqisi baxımından da həyati önəmə sahibdir. ABŞ-ın bölgədə terror qruplaşmalarını gücləndirməsindən narahatıq. Bu, ABŞ-ın etibarının sınanacağı son fürsətdir.

Rus və iranlı dostlarımıın İdlibdəki təhlükəsizliklə bağlı qayğılarını anlayırıq. Oxşar qayğılar ən azı sizlər qədər bizi də narahat edir. Dostlarımızın bu səylərimizdə bizə dəstək olmasını gözləyirik. Məsələni Astana ruhuna uyğun şəkildə həll etməyi hədəfləməliyik”, - Ərdoğan bildirib.

***

İran Prezidenti Həsən Ruhani Ərdoğan və Putindən sonra çıxışında deyib:

“Biz həm İdlibdə əməliyyat aparmalı, həm də elə etməliyik ki, bölgənin əhalisi zərər çəkməsin”.

O, Fərat çayının şərq sahilinin ABŞ-dan təmizlənməli olduğunu da bildirib.

***

İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli sammitində tərəflər Suriya ilə bağlı birgə bəyannamə imzalayıblar.

Liderlər Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiq qaldıqlarını, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərini əsas gətirərək buna hər kəs tərəfindən hörmət edilməsinin lazım olduğunu qeyd ediblər.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page